Azərbaycanda keçirilən “Bakı-Xankəndi” beynəlxalq veloyürüşünün ikinci mərhələsinin qalibləri müəyyənləşib.
İdman.Biz-in məlumatına görə, “Sea Breeze”dən start götürən ikinci etapın qalibi Qazaxıstanın “XDS Astana” Dünya Turu komandasının velosipedçisi Yevgeni Fyodorov olub - o, 4 saat, 41 dəqiqə, 38 saniyə göstərici ilə finiş xəttini 1-ci keçib. İtaliyanın “Solution Tech NIPPO Rali” pro-kontinental klubunun üzvü Aleksandr Balmer ikinci, İspaniyanın “Burgos Burpellet BH” pro-kontinental komandasının təmsilçisi Erik Antonio Faqundes isə üçüncü olub.
İdmançılar yürüş zamanı Şamaxıdan keçiblər və İsmayıllıya qədər 193,3 kilometr məsafə qət ediblər.
Fərqlənən velosipedçilərə mükafatları İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov təqdim ediblər.
Mərhələ qalibiyyəti Yevgeni Fyodorova həm də ümumi təsnifatda liderliyi ələ keçirərək, “Silkway West Airlines” tərəfindən təqdim olunan mavi köynəyə yiyələnmək imkanı verib. O, həmçinin “Sea Breeze” tərəfindən təqdim edilən və ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl köynəyə də sahib çıxıb. Bu köynəkləri ona yarışın fəxri qonağı, şose velosipedi üzrə London-2012 Yay Olimpiya Oyunlarının qalibi, qazaxıstanlı Aleksandr Vinokurov təqdim edib.
Sabah keçiriləcək üçüncü mərhələdə velosipedçilər Qəbələ şəhərindən start götürməklə Mingəçevir şəhərinə qədər 162,9 kilometr məsafə qət edəcəklər.

Qeyd edək ki, yarışın ilk mərhələsində Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko finiş xəttini birinci keçib.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir. Beş mərhələdən ibarət turnirin mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.
Turnirin final mərhələsi Xankəndi şəhərində təşkil olunacaq.

08:36
Bu gün “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının ikinci mərhələsinə start verilib.
İdman.Biz xəbər verir ki, ikinci etapda velosipedçilər “Sea Breeze”dən start götürərək Şamaxıdan keçəcək və İsmayıllıya qədər 193,3 km məsafə qət edəcəklər.

İkinci yarış günü daha çətin profili ilə seçilməklə, 3 dağ yoxuşu və 2 sprint təsnifatını özündə birləşdirir.
Qeyd edək ki, yarışın ilk mərhələsində Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko finiş xəttini birinci keçib.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir. Beş mərhələdən ibarət turnirin mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

Turnirin final mərhələsi Xankəndi şəhərində təşkil olunacaq.

Xatırladaq ki, yarışın əsas məqsədi Azərbaycanda velosiped idmanının inkişafına töhfə vermək, ölkənin beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etdiyini nümayiş etdirmək, həmçinin işğaldan azad edilmiş ərazilərə diqqəti artırmaqdır.
Araz Xəlilli
