Sahib Ələkbərov: “Gənc velosipedçilərimizin biraz təcrübələri çatmadı, tələsdilər”

10 May 2026 14:46
126
Sahib Ələkbərov: “Gənc velosipedçilərimizin biraz təcrübələri çatmadı, tələsdilər”

"Gənc velosipedçilərimizin biraz təcrübələri çatmadı".

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov mətbuat konfransında bildirib.

O bildirib ki, idmançılarımız tələsdikləri üçün finişə qədər gücləri çatmayıb:

"Uşaqlarımız pis çıxış etmədilər. Qalibləri təbrik edirəm. Yarış asan olmadı. Doqquz illik fasilədən sonra müəyyən suallar var idi. Sevindirici haldır ki, bütün çatışmazlıqları aradan qaldırdıq".

Sahib Ələkbərov yarış zamanı velosipedçilərin kiçik qəza törətdiklərini və yolun vaxtında təmizləndiyini vurğulayıb.

"Havanın isti olmasına baxmayaraq yarış üçün maksimum komfortlu şərait yaradılıb".

Qeyd edək ki, “Sea Breeze”dən başlayıb, Sumqayıtda başa çatan veloturun ilk mərhələsinin qalibi Çinin “Li-ning star” komandasını təmsil edən belaruslu Aleksey Şnilko olub.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparacaq. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

Araz Xəlilli

İdman.Biz