“Bakı-Xankəndi” yarışının 25 yaşlı italiyalı qalibi: “Bu qələbə bütün komandanın əməyidir” - VİDEO

13 May 2026 13:36
98
“Bakı-Xankəndi” yarışının 25 yaşlı italiyalı qalibi: “Bu qələbə bütün komandanın əməyidir”

“Finalda hər şey bizim üçün nisbətən rahat keçdi”.

İdman.Biz xəbər verir ki, bu sözləri “Bakı-Xankəndi” Azərbaycan veloyürüşünün dördüncü mərhələsinin qalibi, İtaliyanın “Bardiani CSF 7 Saber” komandasının velosipedçisi Marco Manenti deyib.

25 yaşlı idmançı qələbədə komanda yoldaşlarının böyük payı olduğunu vurğulayıb:

“Komandamızın idman direktoru mənə inanırdı, komanda yoldaşlarım da mənə güvənirdi. Bu qələbə bütün komandanın əməyidir. Final hissəsində qısa bir yoxuş var idi. Ön qrupda sprinterlərin sayı az idi və mən də bundan yararlanmağa çalışdım. Komanda yoldaşlarımın dəstəyi ilə finişə qədər uğurlu sprint etdim”.

Qeyd edək ki, veloyürüşün Qəbələ-İsmayıllı üzrə üçüncü mərhələsinin qalibi Qazaxıstanın “XDS Astana” komandasının rusiyalı üzvü Qleb Suritsa olub. Bakı-İsmayıllı üzrə ikinci mərhələsinin qalibi Qazaxıstanın “XDS Astana” Dünya Turu komandasının velosipedçisi Yevgeni Fyodorov olub. Bakı-Sumqayıt üzrə yarışın ilk mərhələsinin qalibi isə Çinin “Li-Ninq Star” komandasının belarusiyalı üzvü Aleksey Şnirko olub.

Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir. Beş mərhələdən ibarət turnirin mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq. Turnirin final mərhələsi Xankəndi şəhərində təşkil olunacaq.

Araz Xəlilli

İdman.Biz