Azərbaycanda beynəlxalq “Bakı-Xankəndi” veloyürüşü davam edir.
İdman.Biz xəbər verir ki, dördüncü mərhələdən sonra ümumi təsnifatda liderliyi Qazaxıstanın “XDS Astana” komandasının üzvü Yevgeni Fyodorov qoruyub saxlayıb. Onun ümumi nəticəsi 14 saat 49 dəqiqə 59 saniyədir. İkinci yerdə İtaliyanın “Solution Tech NIPPO Rali” komandasından Aleksandr Balmer qərarlaşıb və liderdən 4 saniyə geri qalır. İlk üçlüyü “XDS Astana” komandasının daha bir üzvü Henok Mulubrhan tamamlayır, onun geriliyi 8 saniyədir.
Xallar üzrə təsnifatda İtaliyanın “Bardiani CSF 7 Saber” komandasından Marko Manenti 62 xalla liderdir. Eyni xala malik olan Tailandın “Roojai Insurance Winspace” komandasından Kristian David Pita ikinci yerdədir. Üçüncü pillədə isə Qazaxıstanın “XDS Astana” komandasından Qleb Suritsa qərarlaşıb - 55 xal.
Dağlar üzrə təsnifatda birinci yerdə Belçikanın “Tarteletto-Isorex” komandasından Lennart Teugels 20 xalla liderdir. İkinci yerdə İtaliyanın “Solution Tech NIPPO Rali” komandasından Aleksandr Balmer (10 xal), üçüncü yerdə isə Kolumbiyanın “Team Medellin–EPM” komandasından David Alejandro Qonsales (5 xal) qərarlaşıb.
Gənclər arasında təsnifatda İspaniyanın “Equipo Kern Pharma” komandasından İker Qomes 14 saat 58 dəqiqə 19 saniyə nəticə ilə liderdir. İkinci yerdə Polşanın “Mazowsze Serce Polski” komandasından Fransiszek Matushevski 2 dəqiqə 8 saniyə geridə qalır. Üçüncü yerdə İndoneziyanın “ASC Monsters Indonesia” komandasından Məhəmməd Sielxan 5 dəqiqə 57 saniyə geri qalır.
Komanda təsnifatında Qazaxıstanın “XDS Astana” komandası 44 saat 30 dəqiqə 45 saniyə ilə birinci yerdədir. İkinci pillədə İtaliyanın “Bardiani CSF 7 Saber” komandası 9 saniyə geridə qalır, üçüncü yerdə isə Çinin “Li-Ning Star” komandası da 9 saniyə geri qalır.
Azərbaycanlı velosipedçilər arasında ümumi təsnifatda ən yaxşı nəticəni Musa Mikayılzadə göstərir və 52-ci yerdə qərarlaşıb. O, liderdən 14 dəqiqə 17 saniyə geri qalır. Dördüncü mərhələnin yekunlarına əsasən o, 8 pillə irəliləyib.
Öz növbəsində, Nofəl Nuriyev 117-ci yerdədir və liderdən 36 dəqiqə 11 saniyə geri qalır. Şahin Eyyazov 124-cü yerdədir və 38 dəqiqə 26 saniyə geridədir, Əli Qurbanov isə 125-ci yerdədir və 38 dəqiqə 40 saniyə geri qalır.
Azərbaycan yığması komanda təsnifatında liderdən 1 saat 27 dəqiqə 51 saniyə geri qalaraq 23-cü yerdə qərarlaşıb.
Xatırladaq ki, dördüncü mərhələ Gəncə-Naftalan marşrutu üzrə keçirilib və İtaliyanın “Bardiani CSF 7 Saber” komandasının velosipedçisi Marko Manentinin qələbəsi ilə başa çatıb. Veloyarışın sonuncu, beşinci mərhələsi sabah Tərtər-Xankəndi marşrutu üzrə keçiriləcək.
