Azərbaycanda beynəlxalq “Bakı-Xankəndi” veloyürüşü başa çatıb.
İdman.Biz xəbər verir ki, ümumi təsnifatın qalibi İspaniyanın “Burgos Burpellet BH” komandasından Coş Bernett olub. O, beş mərhələnin yekununda 19 saat 06 dəqiqə 43 saniyə nəticə göstərib.
İkinci yeri Qazaxıstanın "XDS Astana Team" komandasından Henok Mulubran tutub. O, qalibdən üç saniyə geri qalıb. İlk üçlüyü İtaliyanın “Solution Tech NIPPO Rali” komandasından Aleksandr Balmer tamamlayıb. Onun geriliyi yeddi saniyə olub.
Xallar təsnifatında 75 xal toplayan Henok Mulubran birinci olub. İkinci yeri 67 xalla Kristian David Pita tutub, üçüncü isə aktivində 66 xal olan Erik Antonio Fagundes olub.
Dağ təsnifatında Belçikanın “Tarteletto - Isorex2" komandasından Lennert Teugels qalib gəlib. O, 20 xal toplayıb. Onun ardınca 17 xalla Coş Bernett və 15 xalla David Delqado qərarlaşıblar.
Gənclər təsnifatında İspaniyanın “Equipo Kern Pharma” komandasından İker Qomes ən yaxşı olub. İlk üçlüyə həmçinin Françişek Matuşevski və Məhəmməd Syelxan daxil olublar.
Komanda təsnifatında İspaniyanın “Burgos Burpellet BH” komandası qalib gəlib və 57 saat 21 dəqiqə 03 saniyə nəticə göstərib.
Xatırladaq ki, Tərtər-Xankəndi marşrutu üzrə keçirilən beşinci mərhələni də Coş Bernett qazanıb. Mərhələdə ikinci Henok Mulubran, üçüncü isə Erik Antonio Fagundes olub.
