“Azərbaycan velosiped idmanının 2028-ci il Olimpiadasında təmsil olunmaq şansı var” - Vladimir Buşanskinin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

22 May 2026 17:05
139
“Azərbaycan velosiped idmanının 2028-ci il Olimpiadasında təmsil olunmaq şansı var” - Vladimir Buşanskinin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Bu yaxınlarda ölkəmizdə keçirilən “Bakı-Xankəndi” beynəlxalq velosiped yarışı təkcə Azərbaycanın turizm potensialının təşviqi baxımından deyil, həm də ölkədə velosiped idmanının inkişafı üçün əlamətdar hadisəyə çevrilib.

İdman.Biz xəbər verir ki, bu fikirləri Azərbaycan yığmasının idman direktoru və baş məşqçisi, qazaxıstanlı mütəxəssis Vladimir Buşanski səsləndirib. O, Azərbaycan velosipedçilərinin çıxışı ilə bağlı təəssüratlarını bölüşüb və onların gələcək perspektivlərindən danışıb.

Qeyd edək ki, son veloyarışda Azərbaycan millisinin heyətində Musa Mikayılzadə, Nofəl Nuriyev, Əli Qurbanov, Şahin Eyvazov, Maksim Trendelyov və Tural İsrafilov çıxış ediblər. Tural İsrafilov ikinci mərhələdə, Maksim Trendelyov isə dördüncü mərhələdə yarışı dayandırıb.

- “Bakı-Xankəndi” veloyarışında idmançılarımızın çıxışını necə qiymətləndirirsiniz?

- Ümumilikdə pis çıxış etmədilər, qarşıya qoyulan tapşırıqların öhdəsindən gəldilər. Təəssüf ki, hamı sona qədər gedə bilmədi. Çünki iki nəfər nisbətən gənc idi və onların əsas vəzifəsi komandanın lideri Musa Mikayılzadəyə kömək etmək idi. Nəticədə yığma bütün beş mərhələni başa vurdu. Amma hamı çox yaxşı başa düşürdü ki, hazırda onlardan daha artığını tələb etmək düzgün olmazdı. Çünki komandamız gəncdir.

Üstəlik, yarış ən yüksək səviyyədə təşkil olunmuşdu, Pro və kontinental komandalar iştirak edirdi, sürətlər çox yüksək idi. Uşaqlar çalışdılar ki, tapşırıqların öhdəsindən gəlsinlər və buna görə də çıxışlarını uğurlu hesab etmək olar.

- Bəs komandanın lideri, təcrübəli Musa Mikayılzadənin çıxışını necə qiymətləndirirsiniz?

- Hələlik daha artığına hazır deyil. Mənim Azərbaycan yığmasına rəhbərlik etdiyim altı ay çox qısa müddətdir ki, komandanı müəyyən səviyyəyə çatdıraq. Amma etiraf etməliyik ki, Musa hər yarışda irəliləyiş göstərirdi. Hazırlıq çərçivəsində Türkiyə və Özbəkistanda çıxış etdik, orada o, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) ilk reytinq xallarını qazandı. Məsələn, Özbəkistanda keçirilən 2.2 kateqoriyalı veloyarışda Musa beşinci yeri tutdu və məncə, bu, onun karyerasındakı ən yaxşı nəticədir.

“Bakı-Xankəndi” velosiped yarışına gəlincə, o, əlindən gələni etdi. Amma belə səviyyəli yarışlarda yüksək nəticələrdən danışmaq üçün hələ tezdir. Düşünürəm ki, gələn ilə qədər uşaqlar daha da möhkəmlənəcək, əvvəlkindən ciddi şəkildə fərqlənən yeni hazırlıq proqramına uyğunlaşacaqlar. Hazırda onlar səhərdən axşama qədər çalışmalı olduğun böyük idmanın nə demək olduğunu hiss edirlər.

- Veloyarışın hansı mərhələsi idmançılarımız üçün ən çətin oldu?

- Şübhəsiz ki, ikinci mərhələ. Hər şey məhz orada həll olundu. Hava küləkli idi, relyef isə çətin idi. Bu, təkcə bizim uşaqlar üçün deyil, bütün iştirakçılar üçün ciddi sınaq oldu. Bir də beşinci, kral mərhələsi var idi. Son 25 kilometrlik hissədə çox sərt dağ yolları vardı. Hətta həmin anda lider olan “Astana”nın velosipedçisi Yevgeni Fyodorov belə yıxıldı. Ümumilikdə bütün mərhələlər maraqlı və özünəməxsus dərəcədə çətin idi.

- Siz Qarabağda ilk dəfə idiniz. Təəssüratlarınız necədir?

- Açığı, ümumilikdə hər şeydən, xüsusilə də yollardan şokdayam. Mənə danışırdılar ki, orada hər şey inkişaf edir, tikilir. Ora gedəndə böyük təəssürat aldım. Möhtəşəm yollar, eyni dərəcədə gözəl şəhərlər və qəsəbələr gördüm. Əvvəllər orada nə olduğunu təsəvvür edirəm və indi hər şeyin necə yaxşılığa doğru dəyişdiyini görürəm. Düşünürəm ki, bu, yalnız başlanğıcdır və yaxın 3-5 ildə regionun inkişafı daha da genişmiqyaslı olacaq. Qarabağın təbiəti isə əlbəttə ki, möhtəşəmdir və region böyük turizm potensialına malikdir.

- “Bakı-Xankəndi” veloyarışı Azərbaycanda velosiped idmanının inkişafına nə dərəcədə təsir göstərə bilər?

- Əminəm ki, bu yarış ölkədə velosiped idmanının inkişafı üçün güclü stimul olacaq. Xüsusilə də nəzərə alsaq ki, yarış çox yüksək səviyyədə keçirildi. Gənclər görür ki, bu idman növünə böyük diqqət ayrılır və mütləq bizə maraq artacaq. Buna görə də düşünürəm ki, gələn ilə qədər həm heyət daha güclü olacaq, həm də gənclərdən ibarət yığma əsas komandaya düşmək üçün daha çox çalışacaq. Beləliklə, “Bakı-Xankəndi”ni Azərbaycanda velosiped idmanının inkişafında dönüş nöqtəsi adlandırmaq olar.

- Yeri gəlmişkən, “Bakı-Xankəndi”də sizin üçün doğma olan “Astana” komandası da iştirak edirdi. Onların nəticələrini izləyirdiniz?

- Bu komanda həqiqətən mənim üçün doğmadır. Çünki Azərbaycana gəlməzdən əvvəl həmin velosipedçilərdən ikisi birbaşa mənim yetirmələrim olub. Onlardan biri ilə təxminən on il, digəri ilə isə bir qədər az çalışmışam. Buna görə də keçmiş yetirmələrimin Pro-komandaya düşməsi mənim üçün çox xoşdur.

- Məlumdur ki, yetirmələriniz Olimpiya Oyunlarında da iştirak ediblər. Azərbaycan velosipedçilərinin 2028-ci il Oyunlarında iştirakını gözləyə bilərikmi?

- Öz tərəfimdən bunun üçün əlimdən gələni edəcəyəm. Dediyim kimi, Musa artıq ilk reytinq xallarını qazanmağa başlayıb. Əgər Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Velosiped Federasiyasının rəhbərliyinin göstərdiyi möhtəşəm dəstək sayəsində planlaşdırdıqlarımızı həyata keçirə bilsək, şansımız var.

- Milliləşdirilişmiş idmançıların cəlb olunması planlaşdırılırmı?

- Biz daha çox öz velosipedçilərimizi inkişaf etdirmək istəyirik. Milliləşdirmə asan yoldur, amma ən yaxşı nəticəni yalnız öz yetirmələrindən almaq mümkündür. Əgər gələcəkdə kontinental velokomandanın yaradılması planlaşdırılsa, təbii ki, xarici idmançılar da cəlb oluna bilər. Məsələn, bunlar dağ mərhələləri üzrə ixtisaslaşmış velosipedçilər və ya finiş üzrə mütəxəssislər ola bilər. Amma bu, yalnız nöqtəvi gücləndirmə olacaq. Əsas heyət yenə də yerli idmançılardan formalaşacaq.

- Azərbaycan kontinental velosiped komandasının yaradılması planlaşdırılırmı? (Azərbaycanın əvvəllər belə komandası olub – red.)

- Bu barədə danışıqlar gedir. Amma başa düşmək lazımdır ki, bu, böyük və birdəfəlik olmayan layihədir. Layihə ən azı bir olimpiya tsikli ərzində fəaliyyət göstərməlidir. Bu ona görə vacibdir ki, məşqçilər hazırlıq prosesini necə quracaqlarını bilsinlər, idmançılar isə motivasiyalı olsunlar. Bildiyimə görə, hazırda danışıqlar davam edir, hamı bunu istəyir və federasiya rəhbərliyi qarşısında duran bütün məsələlər həll oluna biləndir. Düşünürəm ki, hər şey alınacaq.

- Azərbaycan velosipedçilərinin yaxın planları barədə danışın.

-Qarşıda Azərbaycan Kuboku var. Bundan sonra gənclər və 23 yaşadək idmançılardan ibarət komandalar iyunun əvvəlində Slovakiya və Çexiyada keçiriləcək beynəlxalq trek turnirlərində iştirak etməyi planlaşdırırlar. Həmçinin Almaniyada yeniyetmələr arasında trek yarışları üzrə Avropa çempionatında iştirak gözlənilir. Əlbəttə, hələlik onlardan yüksək nəticələr gözləmirik. Amma bu yarışlar uşaqların səviyyəsini anlamaq baxımından vacibdir. Bununla belə, əgər idmançılarımızdan kimsə orada podiuma yüksəlsə, buna görə heç kim onları danlamayacaq (gülür).
-Qazaxıstanın velosiped idmanının inkişafı sahəsində kifayət qədər zəngin təcrübəsini nəzərə alsaq, sizin yığmadakı fəaliyyətinizdən əlavə ölkəniz

- Azərbaycan velosipedinə hansı dəstəyi göstərə bilər?

- İlk növbədə qeyd edim ki, Azərbaycan velosipedçiləri vaxtaşırı Qazaxıstanda keçirilən daxili yarışlara dəvət alırlar. Hər halda, iki ölkə arasında velosiped idmanının inkişafı sahəsində qarşılıqlı yardım mövcuddur və bu əməkdaşlıq daha da güclənəcək. Bu həm yarışlarda iştirak, həm də birgə təlim-məşq toplanışlarının təşkili baxımından keçərlidir. Əminəm ki, ölkələrimiz arasında istənilən əməkdaşlıq səmərəli olacaq.

İdman.Biz