Süleyman Ələkbərov: “Road Race 2026” turnirinin bürünc medalı mənim üçün yaxşı başlanğıcdır”

10 Aprel 2026 12:13
233
Süleyman Ələkbərov: “Road Race 2026” turnirinin bürünc medalı mənim üçün yaxşı başlanğıcdır”

“Azərbaycanlı velosipedçi Süleyman Ələkbərov üçün Qazaxıstanın Almatı şəhərində keçirilən “Road Race 2026” turnirində qazanılan bürünc medal uğurlu nəticədir”.

Bunu o, sözügedən yarışda əldə etdiyi nailiyyətdən danışarkən deyib.

“Almatıda bu mövsüm ilk yarış keçirildi və 130-dan çox idmançı qalib adı uğurunda mübarizə apardı. Mövsüm yeni başlayıb və bu nəticə mənim üçün yaxşı başlanğıcdır. Bildirməliyəm ki, hazırlıq prosesi çox yaxşı keçib. Həm şəxsi məşqçim, həm də milli komanda ilə Türkiyədə təlim-məşq toplanışında olmuşduq. Orada da millinin məşqçisi Vladimir Buşanski ilə çalışmalar həyata keçirdik. Bu səbəbdən mövsümün daha məhsuldar olacağına inanıram. Gənc idmançı kimi belə yarışlar mənim üçün böyük təcrübədir. Məqsədim daha güclü olmaq və daha çox nəticə göstərməkdir. Ümid edirəm ki, gələcəkdə daha yaxşı göstəricilərim olacaq və qızıl medal qazanacağam”, - deyə o, report.az-a açıqlamasında bildirib.

Gənc velosipedçi iki ildir bu idman növü ilə məşğul olduğunu söyləyib:

“Ötən il Azərbaycan çempionatında ikinci yer tutmuşam. Bu il isə milli komandaya dəvət aldım. Yarışlar olanda qoşuluram. Bütün hazırlıq prosesini məşqçim Elçin Əsədovun verdiyi plana uyğun davam etdirirəm”.

Qeyd edək ki, şose velosipedi üzrə U-23 yığmasının üzvü Süleyman Ələkbərov Qazaxıstanın Almatı şəhərində keçirilən “Road Race 2026” turnirində, 25 km-lik fərdi ötüşmə növündə bürünc medala sahib çıxıb

İdman.Biz