Mahir Məmmədov FIDE-nin vitse-prezidenti postuna namizəd olacaq - EKSKLÜZİV

29 İyul 2026 15:49
141
Mahir Məmmədov FIDE-nin vitse-prezidenti postuna namizəd olacaq - EKSKLÜZİV

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov qarşıdan gələn seçkilərdə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti vəzifəsinə namizəd olacaq.

Bu barədə Mahir Məmmədov İdman.Biz-ə eksklüziv açıqlamasında bildirib.

Məmmədov 2022-ci ildən FIDE rəhbərliyində təmsil olunur. Həmin ilin avqustunda Hindistanın Çennay şəhərində keçirilən təşkilatın Baş Assambleyasında o, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilib.

FIDE rəhbərliyinə yeni seçkilər sentyabr ayında Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək təşkilatın Konqresi çərçivəsində baş tutacaq. Konqres Dünya Şahmat Olimpiadası zamanı təşkil olunacaq. FIDE prezidenti seçkiləri sentyabrın 26-na təyin edilib.

Qeyd edək ki, FIDE artıq təşkilat prezidenti postuna üç namizədin siyahısını təsdiqləyib. Beynəlxalq Şahmat Federasiyasına rəhbərlik uğrunda Yan-Henrik Byüttner (Almaniya), Vadim Rozenştayn (Almaniya) və Timur Turlov (Qazaxıstan) mübarizə aparacaq.

Byüttner seçkilərə prezident müavini postuna namizəd Malkolm Peynlə, Rozenştayn Qordon Tanqla, Turlov isə dünya şahmatının 15-ci çempionu Vişvanatan Anandla birlikdə qatılır.

Xatırladaq ki, Turlov qarşıdan gələn seçkilərdə FIDE-nin hazırkı prezidenti Arkadi Dvorkoviçi əvəz edib. Dvorkoviç Avropa İttifaqının sanksiyalar siyahısına daxil edildikdən sonra seçkilərdə iştirakdan imtina edib və təşkilatdakı fəaliyyətini dayandırıb. Hazırda FIDE prezidentinin səlahiyyətlərini birinci vitse-prezident Vişvanatan Anand icra edir.

Bundan əvvəl FIDE-nin sabiq prezidenti Kirsan İlyumjinov da yenidən təşkilata rəhbərlik etmək niyyətində olduğunu açıqlamışdı. O, federasiyaya 1995–2018-ci illərdə rəhbərlik edib. Lakin namizədlərin irəli sürülməsi prosesi başa çatmazdan az əvvəl seçkilərdə iştirakdan imtina edərək namizədliyini geri götürüb.

Beləliklə, hazırda FIDE prezidenti seçkilərində rəsmi olaraq üç namizəd mübarizəni davam etdirir.

İdman.Biz