Şəhriyar Məmmədyarov Çində dünya ulduzlarına qarşı mübarizə aparacaq

19 May 2026 17:25
129
Şəhriyar Məmmədyarov Çində dünya ulduzlarına qarşı mübarizə aparacaq

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Çində keçiriləcək rapid və blits üzrə komandalararası dünya çempionatında iştirak edəcək.

İdman.Biz xəbər verir ki, 41 yaşlı qrossmeyster yarışda “KazChess” komandasının heyətində çıxış edəcək.

Komandanın heyətində Şəhriyar Məmmədyarovla yanaşı, tanınmış şahmatçılar Aleksandr Qrişuk, Rixard Rapport, Van Hao, həmçinin Bibisara Asaubayeva və Kazıbek Noqirbek də yer alıblar. Güclü heyətə malik “KazChess”in turnirin əsas iddialı komandalarından biri olacağı gözlənilir.

Dünya çempionatında dünya reytinqinin lideri Maqnus Karlsen, Fabiano Karuana və digər tanınmış qrossmeysterlər də mübarizə aparacaqlar.

Qeyd edək ki, 16-22 iyun tarixlərində keçiriləcək yarışın ümumi mükafat fondu 500 min avro təşkil edir. Turnir rapid və blits formatında keçiriləcək və komandalar dünya çempionluğu uğrunda yarışacaqlar. Komandalararası dünya çempionatının fərqləndirici xüsusiyyətlərindən biri müxtəlif ölkələrdən olan şahmatçıların eyni heyətdə çıxış edə bilməsidir. Bu səbəbdən yarışda dünya şahmatının bir çox ulduzu eyni komanda altında bir araya gəlir.

İdman.Biz