Qazaxıstanın Astana şəhərində türkdilli ölkələrin şahmat çempionatı keçirilib.
İdman.Biz xəbər verir ki, yarış kişilər, qadınlar və 16 yaşa qədər komandalar arasında təşkil olunub.
Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədovadan ibarət qadınlardan ibarət Azərbaycan millisi altı görüşdə dörd qələbə qazanıb və iki heç-heçə edib. Yekunda 10 xal toplayan, kapitanı İlahə Qədimova olan komandamız çempion adını qazanaraq qızıl medala sahib çıxıb. Qazaxıstan ikinci, Özbəkistan isə üçüncü yeri tutub.

Xaqan Əhməd, Şəmsi Qaraxanov, Paşam Əlizadə və Lalə Hüseynovadan ibarət Azərbaycanın U-16 komandası da uğurlu çıxışı ilə yadda qalıb. Altı turda beş qələbə qazanan kollektiv 10 xal toplayaraq birinci yeri tutub və qızıl medal əldə edib. Komandanın kapitanı Fərid Abbasov olub. Gümüş və bürünc medallar Qazaxıstanın birinci və ikinci komandalarına qismət olub.

Kişilərdən ibarət Azərbaycan yığması isə turniri bürünc medalla başa vurub. Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Xəzər Babazadə, Şiroğlan Talıbov və Murad İbrahimlidən ibarət komanda altı turda üç qələbə qazanaraq 7 xal toplayıb və üçüncü pillədə qərarlaşıb.

Beləliklə, Azərbaycan şahmatçıları türkdilli ölkələrin şahmat çempionatını 2 qızıl və 1 bürünc medalla tamamlayıblar.
