“Azərbaycandan olan hər bir rəqiblə görüş çətin partiya vəd edir” - Pranav Anandın İDMAN.BİZ-ə AÇIQLAMASI

7 May 2026 17:28
152
“Azərbaycandan olan hər bir rəqiblə görüş çətin partiya vəd edir” - Pranav Anandın İDMAN.BİZ-ə AÇIQLAMASI

“Baku Open” festivalında kifayət qədər çox hindistanlı şahmatçı çıxış edib. Onların arasında reytinqə görə üçüncü olan Pranav Anand diqqət çəkib.

19 yaşlı qrossmeyster turniri doqquzuncu yerdə başa vurub və İdman.Biz-ə Azərbaycanın paytaxtında oynamağın onun üçün necə keçdiyini danışıb.

O, festivaldakı iştirakına tənqidi qiymət verib.

“Turnirdə çıxışım birmənalı alınmadı. Bir tərəfdən yaxşı start götürdüm, ilk altı turda beş xal topladım. Amma yeddinci turda həmyerlim Mayank Çakrabortiyə uduzmağım planlarımı pozdu. Sonradan qalib gəlib vəziyyəti düzəldə bilsəm də, finişdə yenidən uduzdum. “Baku Open”in qalibi Sina Movahədə ağ fiqurlarla məğlub olmağım üzücüdür. Heç olmasa heç-heçə etsəydim, ilk üçlük uğrunda mübarizəyə qoşula bilərdim”, - deyə P.Anand etiraf edib.

Bununla yanaşı, hindistanlı yarışın təşkilatçılığını yüksək qiymətləndirib.

“Bakıda gördüklərim mənə təsir etdi. Biz dənizkənarı mənzərəsi olan geniş “Crystal Hall” zalında oynadıq. Mənə söylədilər ki, 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadası məhz burada keçirilib. Təşkilat komitəsi rahat qalmaq və oynamaq üçün bütün şəraiti yaratmışdı, hər şey çox xoşuma gəldi”, - deyə P.Anand söyləyib.

Anand Azərbaycan şahmatçıları barədə də fikirlərini bölüşüb:

“Sizin oyunçular uzun illər ərzində yüksək səviyyəni qoruyurlar. Yeni adlar meydana çıxır - Xəzər Babazadə “Baku Open”i ilk üçlükdə başa vurdu, Xaqan Əhməd maraqlı oynayır. Azərbaycandan olan hər bir rəqiblə görüş çətin partiya vəd edir. Mən bunu burada da hiss etdim, həm Babazadə, həm də Tunar Davudovla oynadım”.

P.Anand bir sıra ekspertlərin onun strateji oyun üslubu ilə seçilməsi barədə fikrinə özünəməxsus şəkildə reaksiya verib:

“İlk iki qrossmeyster normamı 2022-ci ildə yerinə yetirdim. Həmin il 16 yaşadək şahmatçılar arasında dünya çempionatını da qazandım, növbəti il isə Bildə rapid üzrə festivalda birinci oldum. Strateji düşüncənin dərk edilməsi yaşla gəlir, amma mən hər partiyada geniş fəaliyyət göstərməyə və istənilən imkanı reallaşdırmağa çalışıram. Hətta ilk baxışda ən aydın görünməyəni də. Buna görə də öz üslubumu cilalamağa davam edirəm, eyni zamanda əfsanəvi qrossmeysterlərdən ən yaxşı cəhətləri götürməyə və özümə məxsus nəsə yaratmağa çalışıram”.

O, yaxın perspektivində dünya reytinqinin ilk 50-liyində yer uğrunda mübarizənin olduğunu da danışıb. Hazırda Anand sıralamada 61-ci pilləni tutur.

İdman.Biz