Teymur Rəcəbov: “Karpov mənim qiyabi müəllimim olub”

12 May 2026 10:10
143
Teymur Rəcəbov: “Karpov mənim qiyabi müəllimim olub”

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Anatoli Karpovun yubileyinə həsr olunmuş turnirdə iştirak edəcək. Yarış mayın 21-23-də Moskvada keçiriləcək və səkkiz qrossmeysterin mübarizəsinə səhnə olacaq.

İdman.Biz xəbər verir ki, Azərbaycan şahmatçısı ilə yanaşı, turnirdə özbəkistanlı Nodirbek Yakubboev, rusiyalılar Yan Nepomnyaşi, Daniil Dubov, Andrey Esipenko, Vladislav Artemyev, Aleksandr Qrişuk və Ernesto İnarkiyev də çıxış edəcəklər.

A.Karpovun 75 illik yubileyi ərəfəsində qrossmeysterlər dünya çempionunun oyun üslubunun onların formalaşmasına necə təsir etdiyindən danışıblar. Xatirələrini bölüşənlər arasında T.Rəcəbov da olub.

“Anatoli Yevgenyeviçlə çoxlu partiyalarım olub. Onunla ilk ciddi qrossmeyster turnirimi Buenos-Ayresdə keçirdiyimi yaxşı xatırlayıram. O vaxt heyət çox güclü idi: Karpov, Korçnoy, Şort, Polqar. Həmin dövrdə hamısı dünya şahmatının zirvəsində idi. Karpov Bakıya qonaq gələndə onunla mini-matç da oynamışdım. Sürətli şahmat üzrə keçirilən həmin görüşdə qalib gəlməyi bacarmışdım. Şübhəsiz ki, o, görkəmli şahmatçıdır və onun şərəfinə təşkil olunan turnirdə iştirak etmək mənim üçün böyük şərəfdir”, - deyə T.Rəcəbovun sözlərini turnirin Təşkilat Komitəsi sitat gətirib.

O, həmçinin məşhur şahmat ustası ilə ən qeyri-adi görüşünü də xatırlayıb:

“Böyük ehtimal ki, bu, 2002-ci ildə keçirilən Rusiya – Dünya yığması matçında baş verib. Mən o zaman hələ çox gənc şahmatçı idim və belə möhtəşəm tədbirdə iştirak etmək, Karpovla oynamaq fürsəti əldə etmişdim. Rapid və blitsdə çoxlu partiyalar keçirmişik, dünya çempionatlarında da qarşılaşmışıq. Klassik şahmatda isə Veyk-an-Zeedəki partiyanı xüsusilə xatırlayıram. Çox uzun çəkən oyun idi. Həmin vaxt lövhədə mürəkkəb vəziyyət yaranmışdı: top və fil topa qarşı. Oyunun yeddinci saatında Anatoli Yevgenyeviç mənə zarafatla “Belə bir mövqeni oynamağa utanmırsınız?” kimi bir söz dedi. Mən isə maksimum nəticə əldə etməyə çalışırdım, çünki yüksək səviyyədə belə mövqelər çox vaxt qələbəyədək oynanılır. Sonralar həmin hadisəni xatırlayanda birlikdə gülürdük. Ümumiyyətlə, münasibətimiz həmişə yaxşı və səmimi olub”, - deyə Teymur bildirib.

Rəcəbov dünya çempionundan aldığı məsləhətlər barədə də danışıb: “Anatoli Yevgenyeviçlə çox ünsiyyət qurmaq imkanım olub. Ən vacib şahmat mövqeləri və strukturları barədə onun şərhlərini eşitmək oyunumu inkişaf etdirmək üçün böyük dəstək idi. Eyni zamanda anlayırdım ki, bu ünsiyyəti qorumaq üçün daim ən yüksək səviyyəli turnirlərdə iştirak etmək lazımdır, çünki belə ustaları başqa harada görə bilərsən?

Qeyd etməliyəm ki, Karpov həmişə çox korrekt və açıq insan olub. O, şahmat biliklərini bölüşməyə həmişə hazır idi. Heç vaxt nəyisə gizlətdiyini görməmişəm. Əksinə, daim dialoqa açıq idi.

Düzünü desəm, onun partiyalarına baxmaqla çox şey öyrənmişəm. Dəqiq strateji qərarlar, gedişlər, xətlərin ələ keçirilməsi, fiqurlar arasındakı koordinasiya, yeddinci və ikinci üfüqlər... O, parlaq şahmatçı idi. Bizim nəsil onun partiyaları ilə böyüyüb. Mənim üçün Karpov tarixdə ən böyük üç şahmatçıdan biridir. Onun kitabları bizim üçün dərslik olub. Demək olar ki, Karpov bütün həyatım boyu partiyalarını analiz etdiyim və sayəsində gücləndiyim qiyabi müəllimim olub”, - deyə T.Rəcəbov fikrini yekunlaşdırıb.

İdman.Biz