Bu gün “Baku Crystal Hall”da ənənəvi “Baku Open” şahmat turniri start götürür.
İdman.Biz xəbər verir ki, turnirdə on ölkədən minə yaxın şahmatçı iştirak edir.
Maraqlıdır ki, iştirakçılar arasında ABŞ və İran şahmatçıları da var - bu ölkələr 28 fevralda başlayan hərbi əməliyyatlardan sonra atəşkəsə baxmayaraq, dost ölkələr hesab edilmir.
Qeyd edək ki, 2026-cı il 28 fevraldan sonra İranda başlayan hərbi əməliyyatlardan bəri amerikalı və iranlı idmançıların eyni beynəlxalq turnir çərçivəsində üz-üzə gəldiyi cəmi bir neçə hal qeydə alınıb.
Belə ilk epizod Albaniyanın Tirana şəhərində keçirilən “Muhamet Malo Ranking Series” güləş turniri ilə bağlıdır. Həmin yarışda ABŞ və İran təmsilçiləri çıxış ediblər. Bununla belə, qeyd etmək vacibdir ki, turnir münaqişə başlamazdan əvvəl - fevralın 25-də start götürüb, 28 fevraldan sonra isə başa çatıb. Məhz bu turnirdə martın 1-də iranlı Amin Hosseyni yunan-Roma güləşi üzrə 82 kq çəki dərəcəsində yarımfinalda ABŞ-li Kamal Beyaya qalib gəlib.
İkinci hal isə 2026-cı il aprelin 12-dən 17-dək Daşkənddə keçirilən yeniyetmələr arasında taekvondo üzrə dünya çempionatında baş verib. Bu turnirdə də ABŞ və İran idmançıları iştirak etsələr də, onlar arasında birbaşa qarşılaşma qeydə alınmayıb.
Beləliklə, “Baku Open” Yaxın Şərqdə münaqişə başladıqdan sonra ABŞ və İran təmsilçilərinin iştirak edəcəyi ilk yarışlardan biri olacaq.
Azərbaycan Şahmat Federasiyasından İdman.Biz-ə bildirilib ki, ABŞ və İran şahmatçıları arasında mümkün qarşılaşmalarla bağlı quruma heç bir müraciət daxil olmayıb.
Xatırladaq ki, Bakı festivalının ümumi mükafat fondu 50 min dollar (85 min manat) təşkil edir. Yarışlar il ərzində ölkədə keçirilən “Azerbaijan Chess Tour” turnirlər seriyasına daxildir.
"Baku Open"in əsas ulduzu sabiq FIDE dünya çempionu, ukraynalı Ruslan Ponomariovdur. Turnirdə, həmçinin, son vaxtlar Avropa çempionatının gümüş mükafatçısı olan Nicat Abasov da daxil olmaqla, bir çox tanınmış azərbaycanlı şahmatçılar iştirak edir.
