“Baku Open 2026” festivalına start verildi - FOTO

28 Aprel 2026 20:02
160
“Baku Open 2026” festivalına start verildi - FOTO

Azərbaycan Şahmat Federasiyası ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Baku Open 2026” Beynəlxalq Şahmat Festivalında birinci turun partiyaları başlayıb.

İdman.Biz xəbər verir ki, ilk tura yarışın baş hakimi Faiq Həsənov start verib. Festival A, B və C qrupları üzrə təşkil olunur və hər üç qrupda oyunlar İsveçrə sistemi üzrə doqquz turdan ibarətdir. Eyni zamanda festival çərçivəsində veteran şahmatçılar arasında Azərbaycan çempionatının partiyaları da keçirilir.

Bakı Kristal Zalında təşkil olunan turnirdə on ölkədən 900-dən artıq şahmatçı iştirak edir. Aprelin 30-da rəsmi açılış mərasimi keçiriləcək festivalın ümumi mükafat fondu 50 min ABŞ dolları (85 min AZN) təşkil edir.

Yarışın iştirakçıları arasında sabiq dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının ikiqat qalibi Ruslan Ponomaryov (Ukrayna), rapid üzrə dünya çempionu Danil Dubov (FIDE), şəxsi Avropa çempionatının mükafatçısı Nicat Abasov, 14 yaşlılar arasında Avropa çempionatının qalibi Xaqan Əhməd və digər tanınmış simalar var.

İdman.Biz