“Saxta çempionluq nə mənə, nə də Aydına lazım idi” - Məhəmməd Muradlının İDMAN.BİZ-ə AÇIQLAMASI

22 Aprel 2026 17:57
171
“Saxta çempionluq nə mənə, nə də Aydına lazım idi” - Məhəmməd Muradlının İDMAN.BİZ-ə AÇIQLAMASI

Polşanın Katovitse şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında şahmatda nadir rast gəlinən hadisə yaşanıb.

İdman.Biz xəbər verir ki, həmyerlilərimiz Nicat Abasov və Aydın Süleymanlı mükafatçılar sırasına düşsələr də, Məhəmməd Muradlı medalın bir addımlığında dayanaraq dördüncü yeri tutub. Bununla belə, sosial şəbəkələrdə əsas müzakirə mövzusu Muradlının son turda yaxın dostu Aydın Süleymanlı ilə etdiyi heç-heçə olub. Bu nəticə Aydına bürünc medal qazandırıb, halbuki qələbə qazansaydı, o, Azərbaycan tarixində ilk dəfə fərdi Avropa çempionu ola bilərdi.

İdman.Biz-ə müsahibəsində Məhəmməd Muradlı ona ünvanlanan ittihamlara münasibət bildirib.

"Biz Aydınla yaxın dostuq. Amma nə mənə, nə də əminəm ki, ona belə “saxta” çempionluq lazım idi! Təəssüf ki, bizdə - təkcə şahmatda yox - uğur qazanmaq üçün zəhmət və öz üzərində işdən çox, müxtəlif yollar axtarılır. Məncə, turnirin qalibi olan ukraynalı Roman Deqtyarev birinci yerə daha layiq idi.

Son turda hər ikimiz qələbə qazanmaq üçün dürüst mübarizə apardıq, amma nəticə heç-heçə oldu. Əgər razılaşsaydıq, ömrümüz boyu içimizdə belə bir fikir qalardı: “Məni çempion etdilər”. Mənə belə şey lazım deyil. Əminəm ki, Aydına da lazım deyil. Həyat bununla bitmir, qarşıda Avropa zirvəsini fəth etmək üçün yeni cəhdlər olacaq”, - deyə Muradlı bildirib.

Qrossmeyster etik məsələlərlə yanaşı, turnirin məişət şəraitindən də narazılığını ifadə edib:

“Təəssüf ki, Avropa çempionatının təşkili yenə də arzuolunan səviyyədə deyildi. Belə böyük yarışlar üçün şəhərlərin hansı prinsiplə seçildiyini bilmirəm, amma son illərdə təşkilatçılıq səviyyəsi aşağıdır. Demək olar ki, hər gün əvvəlcədən xəbərdarlıq edilmədən qəribə qərarlar qəbul olunurdu.

Məsələn, dördüncü turda birdən-birə dedilər ki, gödəkçə ilə oynamaq olmaz. Halbuki zal çox soyuq idi və əvvəlki partiyaların hamısını bu şəkildə oynamışdım. Məni əvvəlcədən xəbərdar etmədilər ki, fərqli geyinim. Nəticədə bu narahatlıq və əsəb gərginliyi ucbatından partiyanı uduzdum. Ola bilsin ki, məhz həmin məğlubiyyət məni medal şansından məhrum etdi”, - deyə şahmatçı vurğulayıb.

İdman.Biz