“Baku Open”ə start verilir: “Chess Tour Azerbaijan” yeni mövsümə başlayır - İDMAN.BİZ-in İCMALI

24 Aprel 2026 17:08
228
“Baku Open”ə start verilir: “Chess Tour Azerbaijan” yeni mövsümə başlayır -  İDMAN.BİZ-in İCMALI

Ötən il uğurla reallaşdırılan “Chess Tour Azerbaijan” beynəlxalq şahmat festival yeni turnirlər seriyasına start verir. Seriyanın ilk yarışı aprelin 28-də başlayacaq “Baku Open” turniri olacaq.

İdman.Biz xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov bildirib ki, bu formatda keçirilən beynəlxalq yarışlar ötən mövsüm yüksək qiymətləndirilib. O, layihənin yüksək səviyyədə təşkilinin vacibliyini xüsusi vurğulayıb:

“Ötən il keçirilən seriyada 20 federasiyanı təmsil edən 1553 şahmatçı iştirak edib. Layihənin final turnirlərinin nəticələrinə əsasən, iştirak etdiyi 5 yarışdan 3-də qalib gələn Xaqan Əhməd əsas ulduz olub. Bu il də əvvəlki kimi tur 8 mərhələdən ibarət olacaq və onların hamısı beynəlxalq status daşıyacaq”.

“Chess Tour Azerbaijan” ənənəvi olaraq paytaxtda start götürəcək. Aprelin 28-də Bakıda beynəlxalq şahmat festivalı “Baku Open”lə başlayacaq. “Şəki Open” 18-25 iyun, “Lənkəran Open” 26 iyun – 3 iyul tarixlərində keçiriləcək. Daha sonra “Şamaxı Open” (15-22 iyul) baş tutacaq. Ardınca “Vüqar Həşimov Open” (23 iyul – 1 avqust) təşkil olunacaq. Bundan sonra “Quba Open” (3-10 sentyabr), “Gəncə Open” (10-17 noyabr) və “Şirvan Open” (19-26 noyabr) keçiriləcək.

Yenidən Bakı Kristal Zalımda təşkil olunacaq “Baku Open” turnirinin mükafat fondu 50 min ABŞ dolları təşkil edəcək. Turnirdə tanınmış şahmatçılar iştirak edəcəklər. Onlar arasında 2018-ci ilin rapid üzrə dünya çempionu Daniil Dubov, FIDE versiyası üzrə ən gənc dünya çempionu Ruslan Ponomaryov, hindistanlı Anand Pranav, Türkiyənin aparıcı qrossmeysterlərindən Vahap Şanal və gənclər arasında ikiqat dünya çempionu Polina Şuvalova yer alıb. Yerli şahmatçılar arasında isə start reytinqində ilk onluqda Avropa çempionatının gümüş mükafatçısı Nicat Abasov, Misrətdin İsgəndərov və Vüqar Rəsulov qərarlaşıb.

Ümumilikdə “Baku Open” turnirində 921 şahmatçı iştirak edəcək. Onlar İsveçrə sistemi üzrə doqquz turdan ibarət yarışda A, B və C qruplarında mübarizə aparacaqlar. Festival çərçivəsində həmçinin veteranlar arasında Azərbaycan çempionatı keçiriləcək.

Turnirdə Çin, İngiltərə, Qazaxıstan, Cənubi Afrika Respublikası, Özbəkistan və Tacikistan daxil olmaqla 15 ölkənin təmsilçiləri iştirak edəcək.

Qeyd edək ki, ötən il “Baku Open” turnirinin qalibi 7 xal toplayan serbiyalı Aleksandar İndjiç olub. O, ikinci və üçüncü yerləri tutan Baadur Jobava və Vahap Şanalı 1 xal qabaqlayıb.

İdman.Biz