“Avropa çempionatına yollanmazdan əvvəl hədəf ən yüksək nəticə idi. Çünki son illər qitə çempionatında Dünya Kubokuna vəsiqə qazansam da, mükafatçılar sırasında yer almamışdım”.
İdman.Biz xəbər verir ki, bu sözləri Polşanın Katovitse şəhərində keçirilmiş şahmat üzrə Avropa çempionatında gümüş medal qazanan Nicat Abasov Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına açıqlamasında deyib.
Qrossmeyster əsas hədəfinin medal qazanmaq olduğunu bildirib:
“Ötən il son tur ərəfəsində medallar uğrunda mübarizəni davam etdirirdim. 2025-ci ildəki yarışın son turunda qara fiqurlarla Almaniya təmsilçisi Mattias Blyubaumla heç-heçə oynadım. Yekun nəticədə medal qazana bilmədim, rəqib isə çempion oldu. Ona görə cari ildə əsas hədəf medal qazanmaq idi”.
Nicat Abasov Avropa çempionatının son turunun daha çətin olduğunu söyləyib:
“Yarışın sonu bir qədər üzücü alındı. Son turlarda lider mövqeyində idim, 10-cu turda çox vacib qələbə qazana bilərdim. Həlledici turdan əvvəl Azərbaycanın üç şahmatçısının çempionluq şansının olması sevindirici idi. Təəssüf ki, alınmdı. Ən çətin, fikrimcə, 11-ci tur oldu. Sanki çempionatın finalında mübarizə aparırdım. Çempionluq şansımı bəlkə də 10-cu turda əldən buraxdım. Bir gedişə İspaniya təmsilçisini məğlub etmək olardı”.
Onun sözlərinə görə, fəxri kürsüdə ümumilikdə iki azərbaycanlının olması ölkə adına böyük uğurdur:
“Yarışın ikinci yarısını daha yaxşı keçirən Məhəmməd Muradlı da medala layiq idi. Ümid edirəm ki, bu nəticə hamımıza əlavə stimul olacaq və növbəti yarışlarda da yaxşı nəticələr əldə ediləcək”.
Xatırladaq ki, Avropa çempionatında Nicat Abasov gümüş, Aydın Süleymanlı bürünc medal əldə edib. Digər təmsilçimiz Məhəmməd Muradlı çempionatı dördüncü yerdə başa vurub.
