Azərbaycan şahmatçıları Avropa çempionatından sonra reytinqdə irəlilədilər - İDMAN.BİZ-in İCMALI

20 Aprel 2026 11:43
218
Azərbaycan şahmatçıları Avropa çempionatından sonra reytinqdə irəlilədilər - İDMAN.BİZ-in İCMALI

Azərbaycan şahmatçıları Polşanın Katovitse şəhərində keçirilən Şahmat üzrə fərdi Avropa çempionatında uğurlu çıxışdan sonra reytinq göstəricilərini də artırıblar.

İdman.Biz xatırladır ki, dünən başa çatan qitə birinciliyində Nicat Abasov gümüş mükafatçı olub, Aydın Süleymanlı bürünc medal qazanıb, Məhəmməd Muradlı isə dördüncü yeri tutub. Onların hər biri 11 mümkün xaldan 8,5 xal toplayıb.

Avropa çempionatının yekunlarına əsasən, Abasov (2 586) reytinqinə 13 xal əlavə edib, Süleymanlı (2 653) balansını 12 xal artırıb, Muradlının (2 605) reytinqi isə 12 xal yüksəlib ki, bu da ona ilk 600-lükdə mövqeyini möhkəmləndirməyə imkan verəcək.

Turnir ərzində stabil oyun nümayiş etdirən Riad Səmədov (2 508) 7,5 xalla 41-ci yeri tutub və o da reytinqinə 12 xal əlavə edib.

Xatırladaq ki, Abasov, Süleymanlı və Muradlı qitə birinciliyinin nəticələrinə əsasən 2027-ci ildə keçiriləcək Şahmat üzrə Dünya Kuboku yarışına vəsiqə qazanıblar.

İdman.Biz