“Şahmat üzrə şəxsi Avropa çempionatında heç kim bilərəkdən uduzmaq niyyətində deyil”.
Bu barədə Azərbaycan şahmatçısı Aydın Süleymanlı deyib.
Polşanın Katovitse şəhərində keçirilmiş qitə birinciliyində üçüncü yeri tutan 21 yaşlı qrossmeyster çempionluğu son turda əldən verməsinə toxunub.
“Birinci yeri tutmağa yaxın idim. Bunun üçün son turda Məhəmməd Muradlıya qalib gəlməli idim. Amma mümkün olmadı. Görüş heç-heçə bitdi. Təbii ki, hansımızsa qalib gəlsəydik, daha yaxşı olardı. Amma belə alındı. Son turdan əvvəl Məhəmmədlə aramızda söhbət olmamışdı. Belə şeylər qəbulolunmazdır. Biz onunla çox yaxın dostuq. Amma yarışda hamı qalib gəlmək istəyir. Heç kim bilərəkdən uduzan deyil. Düşünürəm ki, belə də olmalıdır. Əvvəlcədən danışıb razılaşmaq qayda pozuntusudur”, - deyə o, report.az-a açıqlamasında söyləyib.
Şahmatçı Avropa çempionatının onlar üçün yaxşı keçdiyini sözlərinə əlavə edib:
“Azərbaycanın kişi şahmatçısı son dəfə 2005-ci ildə şəxsi Avropa çempionatında medal qazanmışdı. İndi iki mükafat oldu. Məhəmməd Muradlı da medal qazanmağa yaxın idi. Məncə, turnir pis keçmədi. Bütün azərbaycanlı şahmatçılar yaxşı çıxış etdilər.
Azərbaycan millisinin üzvü 2027-ci ildə keçiriləcək Dünya Kubokuna vəsiqə qazanmasına da toxunub:
“Hələlik bu barədə çox düşünmürəm. Dünya Kuboku İddiaçılar Turnirinə vəsiqə verəcək. Yarışa hələ çox var. Amma yaxşı çıxış etmək niyyətindəyəm. Orada da özümü yaxşı tərəfdən göstərmək üçün çox çalışmalıyam”.
Xatırladaq ki, Azərbaycan təmsilçilərindən Nicat Abasov şəxsi Avropa çempionatında gümüş, Aydın Süleymanlı bürünc medal qazanıb. Ukraynalı Roman Deqityarov qızıl mükafata sahib çıxıb.
