Azərbaycan qrossmeysterləri Nicat Abasov və Aydın Süleymanlı Polşanın Katovitse şəhərində keçirilən şahmat üzrə fərdi Avropa çempionatında gümüş və bürünc medallar qazanıblar.
İdman.Biz xəbər verir ki, qitə birinciliyinin yekun 11-ci turunda Abasov Boqdan Dyak (Rumıniya) ilə heç-heçə oynayıb, Süleymanlı isə digər Azərbaycan təmsilçisi Məhəmməd Muradlı ilə xalları yarı bölüb.
Beləliklə, Abasov, Süleymanlı və Muradlı hərəyə 8,5 xal toplayaraq müvafiq olaraq ikinci, üçüncü və dördüncü yerləri tutublar. Son turda ispan David Anton Qixarronu məğlub edən ukraynalı Roman Dextyarov doqquz xalla Avropa çempionu olub.
Qeyd etmək lazımdır ki, fərdi Avropa çempionatının gümüş medalı Azərbaycanın kişi şahmatçıları üçün ən yaxşı nailiyyətlərdən biridir. Daha əvvəl Teymur Rəcəbov Avropanın vitse-çempionu olmuşdu. Qadınların yarışında isə Azərbaycanın Ülviyyə Fətəliyeva tərəfindən qazanılmış fərdi qızıl medalı var.
Həmçinin bildirək ki, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı 2027-ci il Dünya kubokuna vəsiqə qazanıblar.
