Polşanın Katovitse şəhərində keçirilən şahmat üzrə fərdi Avropa çempionatında əldə olunan uğur qitənin yeni vitse-çempionu Nicat Abasov üçün yeni başlanğıc nöqtəsinə çevrilə bilər.
Belə ki, 2024-cü il İddiaçılar turnirinin iştirakçısı son tura qədər liderlik edib, lakin sonda həlledici partiyanı qazanan gənc ukraynalı Dextyarev onu qabaqlayıb. Bundan əlavə, qitə birinciliyinin bürünc mükafatçısı Aydın Süleymanlı olub, Azərbaycanın digər təmsilçisi Məhəmməd Muradlı isə dördüncü yeri tutub.
Bu, Azərbaycan qrossmeysterlərinin böyüklər arasında Avropa çempionatında ilk dəfə eyni vaxtda iki medal qazanması ilə yadda qalıb. Müəyyən şəraitdə isə hətta bütün mükafat yerlərini də tuta bilərdilər.
İdman.Biz-ə müsahibəsində Nicat Abasov turnirin özü üçün əsas məqamından, digər azərbaycanlı şahmatçılardan danışıb, həmçinin sosial şəbəkələrdə son turda Aydın Süleymanlı ilə Məhəmməd Muradlı arasında heç-heçə başa çatan partiya ətrafında yaranmış müzakirələrə münasibət bildirib. Xüsusilə, bəzi istifadəçilər Muradlının həmin görüşdə bilərəkdən uduzmalı olduğunu iddia edirdilər ki, çempionluğa iddialı olan Aydın birinci yeri tutsun.
- Avropa çempionatında sizin üçün ən əsas məqam hansı oldu və hansı andan çempionluq uğrunda mübarizə apara biləcəyinizə inandınız?
- Düşünürəm ki, bu baxımdan əsas məqam səkkizinci turda türkiyəli Atilla Kuruya qarşı oynadığım partiya oldu. Qara fiqurlarla beş saat davam edən mübarizədən sonra qələbə qazandım. Ümumiyyətlə, çempionata medal qazanmaq hədəfi ilə hazırlaşmışdım, amma nəzərə almaq lazımdır ki, bu, 500 şahmatçının iştirak etdiyi çox çətin turnir idi. Təkcə istəklə belə yarışları qazanmaq mümkün deyil, bəxt də sənin tərəfində olmalıdır. Amma ümumilikdə hər şey yaxşı alındı və məhz həmin partiyadan sonra +5 nəticəyə çatdım və medal uğrunda mübarizə apara biləcəyimə inandım.
- Son turda qalib gəlsəydiniz, Avropa çempionu olacaqdınız. Amma partiyanız heç-heçə bitdi. Beləliklə, birinci yeri əldən vermək sizin üçün nə dərəcədə məyusedici oldu?
- Son partiyada təəssüf ki, qələbə şansım yox idi. Debütdə bir qədər səhv seçim etdim və nəticədə rahat olmayan mövqe aldım. Həmin görüşdə heç-heçə mənim üçün ən yaxşı nəticə idi. Düşünürəm ki, çempionluğu onuncu turda əldən verdim. Həmin turda ispan Qixaroya qarşı qara fiqurlarla qalib gəlmək imkanım var idi. Zeitnot vəziyyətində vacib gedişi hesablaya bilmədim və nəticədə partiya heç-heçə başa çatdı.
- Turnirin ikinci yarısında sizinlə Aydın Süleymanlı arasında maraqlı rəqabət müşahidə olunurdu. O, bir müddət lider idi, sonra siz onu qabaqladınız…
- Burada daha çox rəqabətdən yox, qarşılıqlı motivasiyadan danışmaq olar. Bir-birimizin nəticələri bizi ruhlandırırdı, qələbələri görüb daha yaxşı oynamağa çalışırdıq. Bu, sağlam rəqabət idi və yalnız fayda verdi. Yekun turnir cədvəlində də bunun nəticəsini gördük.
Həmçinin sosial şəbəkələrdə Muradlının son turda Süleymanlıya uduzmalı olduğu ilə bağlı yayılan fikirlərə də münasibət bildirmək istərdim. Hesab edirəm ki, peşəkar idmançı üçün bu cür yanaşma ən azı xoşagəlməz və yolverilməzdir. Onlar gəncdirlər və hələ qarşıda böyük uğurlar var. Belə bir ləkə karyeraları üçün qəbuledilməz olardı. Bu, təkcə onlara deyil, ümumilikdə Azərbaycan şahmatına aiddir – bizdə heç vaxt belə hallar olmayıb.
Onlar oyunları ilə göstərdilər ki, ilk növbədə peşəkarlıq və dürüstlük əsasdır, nəticələr isə bundan sonra gəlir. Bu, xüsusilə vurğulanmalı vacib məqamdır.
Ümumilikdə Katovitsedə bir çox şahmatçımız uğurlu çıxış etdi. Məsələn, Muradlı medal səviyyəsində oynadı, xüsusilə çempionatın ikinci yarısını çox yüksək səviyyədə keçirdi. Onun bir çox parlaq qələbələri oldu, lakin əlavə göstəricilərə görə bizdən geri qaldı. Digər şahmatçılar da yaxşı oynadılar. Xüsusilə, Şahin Vəliyev və Süleyman Süleymanlı beynəlxalq usta normasını yerinə yetirdilər. Bu baxımdan qitə birinciliyi bizim üçün uğurlu oldu.
- Siz, Aydın Süleymanlı və Məhəmməd Muradlı kimi Dünya Kubokuna vəsiqə qazanmısınız. Üç il əvvəl Bakıda qazandığınız dördüncü yeri təkrarlamaq mümkündürmü?
- Dünya Kuboku gələn il keçiriləcək və hələ çox vaxt var. Bu müddətdə çox şey dəyişə bilər. Qarşıda "Baku Open" turniri var, daha sonra isə qadınlardan ibarət Azərbaycan yığması ilə birlikdə Türk dövlətlərinin oyunlarında iştirak etmək üçün Astanaya yollanacağıq. Bu il həmçinin Ümumdünya Şahmat Olimpiadası da var. Hələlik Dünya Kuboku haqqında düşünmürəm, amma təbii ki, iştirak edəcəyim bütün turnirlərdə maksimum nəticə göstərmək istəyirəm.
- Avropa çempionatını izləyərkən reytinqinizin 2600 həddindən aşağı düşdüyünü gördüm. Son uğur əvvəlki mövqelərə qayıdış üçün başlanğıc ola bilərmi?
- Reytinqlə bağlı belə məqam var (gülümsəyir). Amma buna çox fokuslanmamağa və şahmatdan zövq almağa çalışıram. Turnirlər baxımından 2024-cü il mənim üçün çox çətin keçdi. Hər şey gərgin idi və 2023-cü ildə hiss etdiyim motivasiya azalmışdı. Bu səbəbdən şahmat oynamaq istəyi də bir qədər itmişdi və qısa fasilə verdim. İndi isə yenidən mümkün qədər çox turnirdə iştirak etmək və maraqlı partiyalar oynamaq istəyi hiss edirəm.
