Nicat Abbasov Avropa çempionatında liderliyi ələ keçirdi - İDMAN.BİZ-in İCMALI + FOTO

17 Aprel 2026 10:51
171
Nicat Abbasov Avropa çempionatında liderliyi ələ keçirdi - İDMAN.BİZ-in İCMALI + FOTO

Polşanın Katovitse şəhərində keçirilən şahmat üzrə şəxsi Avropa çempionatında azərbaycanlı qrossmeyster Nicat Abasov liderliyə yüksəlib.

İdman.Biz xəbər verir ki, qitə birinciliyinin IX turunda Abasov israilli Benni Ayzenberq üzərində qələbə qazanıb.

Bu, Nicat üçün cari turnirdə altıncı, ardıcıl isə üçüncü qələbə olub. O, 7,5 xal toplayaraq ispaniyalı David Giharro ilə birlikdə 1-2-ci yerləri bölüşür. Lakin əlavə göstəricilərə görə turnir cədvəlinə məhz Abasov başçılıq edir.

Qeyd edək ki, IX tura qədər 7 xalla turnir cədvəlinə təkbaşına Giharro liderlik edirdi. Lakin bu turda o, digər azərbaycanlı qrossmeyster Aydın Süleymanlı ilə heç-heçə edib. Süleymanlı da Abasov kimi Katovitsedə hələ məğlubiyyətlə üzləşməyib. Onun aktivində 7 xal var və 5-ci pillədə qərarlaşıb. Beləliklə, Avropa çempionatında azərbaycanlı şahmatçıların bir növ komanda oyunu müşahidə olunur: Süleymanlı ispaniyalıdan yarım xal alaraq Abbasovun liderliyə yüksəlməsinə şərait yaradıb.

Sonuncudan əvvəlki - X turda Nicat məhz Giharro ilə üz-üzə gələcək. Süleymanlı isə litvalı Valeriy Kazakovski ilə qarşılaşacaq.

7 xal toplayan digər azərbaycanlı şahmatçı Məhəmməd Muradlı əlavə göstəricilərə görə 12-ci yerdədir. O, IX turda polşalı Yan Malek üzərində qələbə qazanıb və növbəti turda latviyalı rəqiblə oynayacaq.

Digər azərbaycanlı şahmatçıların isə Avropa çempionatında ilk “20-liy”ə düşmək şansları daha çox nəzəri xarakter daşıyır. Bu isə 2027-ci il Dünya Kubokuna vəsiqə verir.

Belə ki, Riad Səmədov, Xaqan Əhməd və Xəzər Babazadə hərəyə 6 xal toplayaraq müvafiq olaraq 45-ci, 53-cü və 84-cü yerlərdə qərarlaşıblar. Onlar yalnız son iki partiyanı qazanacaqları təqdirdə (daha çox isə əlavə göstəriciləri daha yaxşı olan Səmədov) müəyyən şərtlər daxilində vəsiqə şanslarını davam etdirə bilərlər.

İdman.Biz