Azərbaycanlı şahmatçı Avropa çempionatında liderliyə yüksəlib - FOTO

15 Aprel 2026 10:25
201
Azərbaycanlı şahmatçı Avropa çempionatında liderliyə yüksəlib - FOTO

Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı Polşanın Katovitse şəhərində keçirilən şahmat üzrə fərdi Avropa çempionatında növbəti qələbəsindən sonra liderliyə yüksəlib.

İdman.Biz xəbər verir ki, yeddinci turda Süleymanlı Belçika təmsilçisi Daniel Daroha üzərində qələbə qazanıb. Bu, Azərbaycan şahmatçısı üçün turnirdə beşinci qələbə olub - o, həmçinin iki heç-heçə edib.

Beləliklə, Aydın altı xal toplayaraq 1-4-cü yerləri bölüşür, lakin əlavə göstəricilərə görə birinci pillədə qərarlaşıb. Səkkizinci tur çərçivəsində o, Gürcüstan şahmatçısı Nikolaz Kaçarava ilə üz-üzə gələcək.

Qitə birinciliyində ilk onluqda yer alan digər azərbaycanlı Nicat Abasov yeddinci turda isveçli Erik Blomkvisti məğlub edib və 5,5 xalla 10-cu sırada qərarlaşıb.

Katovitsedə Azərbaycanı təmsil edən digər şahmatçılardan Məhəmməd Muradlı, Şiroğlan Talıbov, Şahin Vəliyev və Süleyman Süleymanlı hərəyə 5 xal toplayaraq müvafiq olaraq 38-ci, 50-ci, 53-cü və 56-cı yerlərdə qərarlaşıblar.

Qeyd edək ki, Avropa çempionatı 11 turdan ibarətdir və ilk 20 pilləni tutan şahmatçılar 2027-ci il Dünya Kubokuna vəsiqə qazanacaqlar.

İdman.Biz