Azərbaycan yenidən dünyanın ən güclü 10 şahmat ölkəsi sırasına qayıtdı

3 Aprel 2026 14:22
238
Azərbaycan yenidən dünyanın ən güclü 10 şahmat ölkəsi sırasına qayıtdı

Azərbaycan dünyanın şahmat dövlətlərinin reytinqində yenidən ilk onluğa qayıdıb.

İdman.Biz xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən açıqlanan yeni reytinqdə Azərbaycan 8-ci pilləyə yüksəlib. Komandamız ötən ay 11-ci sırada qərarlaşmışdı. Hazırda ölkəmizin aktivində 2 622 xal var.

Xatırladaq ki, şahmat ölkələrinin reytinqi hər bir ölkənin 10 aparıcı şahmatçısının orta göstəricisi əsasında formalaşdırılır. Xallar bərabər olduqda qrossmeysterlərin sayı nəzərə alınır - daha çox ali şahmat tituluna sahib oyunçusu olan ölkə üstünlük qazanır.

Azərbaycanın yenidən dünya reytinqinin ilk onluğuna qayıtması Vasif Durarbəyli ilə bağlıdır. ABŞ-də yaşayan azərbaycanlı qrossmeyster daha əvvəl bir il ərzində reytinq partiyaları oynamadığı üçün aktiv şahmatçılar siyahısından çıxarılmışdı və onun nəticələri reytinqdə, eləcə də Azərbaycanın göstəricilərində nəzərə alınmırdı. Lakin son bir ayda Durarbəyli bir neçə partiya keçirib və 2 611 xalla yenidən aktiv oyunçular siyahısına qayıdıb.

Qeyd edək ki, ötən ay Teymur Rəcəbov da eyni səbəbdən qeyri-aktiv oyunçu statusu ala bilərdi. O, dörd reytinq partiyasından ibarət mini-matç keçirib, bütün görüşləri heç-heçə başa vuraraq FIDE reytinqindəki yerini qoruyub.

Aprel ayına olan məlumata görə, şahmat ölkələrinin dünya reytinqində ilk onluq belədir: 1. ABŞ (2726), 2. Hindistan (2697), 3. Çin (2654), 4. Rusiya (2647), 5. Almaniya (2635), 6. Ukrayna (2629), 7. Fransa (2636), 8. Azərbaycan (2622), 9. Özbəkistan (2617), 10. İspaniya (2613).

Qadınların ölkə reytinqində isə Azərbaycan 2302 xalla 11-ci pillədə qərarlaşıb. İlk onluq belədir: 1. Çin (2490), 2. Hindistan (2402), 3. Ukrayna (2387), 4. ABŞ (2372), 5. Gürcüstan (2370), 6. Rusiya (2358), 7. Qazaxıstan (2347), 8. Polşa (2346), 9. Fransa (2342), 10. Almaniya (2331).

İdman.Biz