AŞF-nın prezidenti: “Bu, qızıla bərabər bir gümüşdür”

Müsahibə
7 Dekabr 2023 13:15
162
AŞF-nın prezidenti: “Bu, qızıla bərabər bir gümüşdür”

“İlin sonu bizim üçün çox məhsuldar olub”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov deyib.

O bildirib ki, 2023-cü il Azərbaycan millisi üçün uğurlu olub: “Əvvəlcə 8, 12 yaşlı şahmatçılar dünya birinciliyindən 7 medalla qayıtdılar. Tariximizdə belə nəticə olmamışdı. Medaldan 4-ü qızıl oldu. Sonra Ayan Allahverdiyevadan da uğur gözləyirdik. O da ümidimizi doğrultdu və U-18-də dünya çempionu adına yiyələndi. Qadınlardan ibarət milli komandamız Avropa çempionatında son tura qədər qızıl medala iddia edirdi. Birinci olacağımıza inanırdıq. Amma son anda paralel görüşdə ağlasığmaz bir şey baş verdi. Gürcüstan şahmatçısı tam udulmuş vəziyyəti əldən verdi və məğlub oldu. Nəticədə ikinci yeri tutduq. Doğurdan da, bu, qızıla bərabər bir gümüşdür”.

O, Gövhər Beydullayeva və Məhəmməd Muradlının 20 yaşadək gənclər arasında qazandıqları çempionluq və medalları da uğur adlandırıb: “Ümid edirəm ki, gələn il daha da yaxşı olacaq”.

Banuçiçək Hüseynli
İdman.biz