Mahir Məmmədov: “Son dövrlərdə Azərbaycanın bir neçə şahmatçısı reytinq və titulunu artırıb”

5 Sentyabr 2026 17:28
90
Mahir Məmmədov: “Son dövrlərdə Azərbaycanın bir neçə şahmatçısı reytinq və titulunu artırıb”

“Son dövrlərdə Azərbaycanın bir neçə şahmatçısı reytinq və titulunu artırıb”.

Bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Quba Open 2026 - İkinci Beynəlxalq Şahmat Festivalı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu günlərdə Azərbaycanın üç şahmatçısı beynəlxalq usta və qrossmeyster normalarını yerinə yetiriblər.

“Azərbaycan Şahmat Federasiyasının “Azərbaycan Şahmat Turu” layihəsinin növbəti mərhələsi başlayıb. Bu çərçivədə Quba Open 2026 - İkinci Beynəlxalq Şahmat Festivalına start verilib. Festival mərhum beynəlxalq hakimimiz Qüdrət İsmayılovun xatirəsinə həsr olunub. Biz Azərbaycan şahmat məktəbinin inkişafına və şahmatçılarımızın uğurlarına çox sevinirik. Geridə qalan müddət ərzində şahmatçılarımız həm reytinqlərini, həm də titullarını artırıblar. Bu günlərdə şahmatçılarmız Paşam Əlizadə beynəlxalq usta, Xəzər Babazadə və Xaqan Əhməd isə qrossmeyster normasına yerinə yetiriblər. Ümidvaram ki, Özbəkistanda keçiriləcək Dünya Şahmat Olimpiadası Azərbaycan təmsilçiləri üçün uğurlu olacaq”, - deyə o report.az-a söyləyib.

Qeyd edək ki, turnirdə 11 ölkəni təmsil edən 300-dən artıq iştirakçı mübarizə aparır.

İdman.Biz