Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2026-cı ilin sentyabr ayı üzrə dünya reytinqinin yenilənməsinin nəticələrinə əsasən, azərbaycanlı qrossmeyster Məhəmməd Muradlının irəliləyişinə diqqət çəkib.
İdman.Biz-in məlumatına görə, FIDE-nin icmalında 23 yaşlı azərbaycanlının Türkiyə Şahmat Superliqasında uğurlu çıxışı qeyd olunur. Muradlı reytinqinə 26 xal əlavə edib və 64-cü pilləyə yüksəlib. Bu, onun karyrasında ən yüksək göstərici olub.
Bununla yanaşı, FIDE dünya reytinqinin ilk pillələrində baş verən əsas dəyişikliklər arasında Uesli Sonun təxminən dörd illik fasilədən sonra ilk beşliyə qayıtmasını xüsusi qeyd edib. Buna onun “Sinquefild” Kubokunda qələbəsi və “Grand Chess Tour”un finalında üçüncü yeri tutması kömək edib. “Grand Chess Tour” 2026-nın qalibi Rameşbabu Praqnanandha səkkizinci pilləyə yüksələrək ilk onluğa qayıdıb.
FIDE, həmçinin gənc hindistanlı şahmatçı Dikşita Modipallinin sürətli irəliləyişini ayrıca qeyd edib. O, reytinqinə 297 Elo xalı əlavə edib ki, bu da federasiyanın bu cür reytinq icmallarını dərc etməyə başladığı vaxtdan bəri rekord artım olub. Bunun sayəsində Modipalli qadınlar arasında dünya reytinqində 23-cü pilləyə, qızlar üzrə gənclər reytinqində isə üçüncü yerə yüksəlib. Hindistan təmsilçisi cəmi dörd turnirdə 469 reytinq xalı toplayıb.
