Nicat Abasov: “Şahmat Olimpiadası hər zaman ağır yarışlar siyahısındadır” - MÜSAHİBƏ + FOTO

7 Sentyabr 2026 13:41
71
Nicat Abasov: “Şahmat Olimpiadası hər zaman ağır yarışlar siyahısındadır” - MÜSAHİBƏ + FOTO

Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Ümumdünya Şahmat Olimpiadasına hazırlıq davam edir. Qadınlardan ibarət Azərbaycan millisinin kapitanı Nicat Abasov yarış öncəsi komandanın hazırlığı, Olimpiadadakı şansları və lövhələr üzrə bölgü ilə bağlı fikirlərini bölüşüb. O, həmçinin gənc şahmatçı Xaqan Əhmədin inkişafından və gələcək perspektivlərindən danışıb.

İdman.Biz Nicat Abasovun Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına müsahibəsini təqdim edir.

- Ümumdünya Şahmat Olimpiadasına hazırlıq barədə fikirlərinizi öyrənmək istərdik.

- Hazırlıq yaxşıdır, hal-hazırda son təlim məşq toplantısındayıq ki, yarışa tam hazırlıqlı gedək. Qeyd etmək istərdim ki, bu günlərdə qadın şahmatçılar Basqalda son təlim-məşq toplanışındadı.

- Lövhələr üzrə şahmatçıların bölgüsü nə vaxt müəyyənləşəcək?

- Lövhələrdə şahmatçıların bölgüsü kapitan və məşqçi heyətinə məlumdu. İctimaiyyət üçün yarış günü açıqlanacaq.

- Qadın şahmatçılardan ibarət Azərbaycan komandasının şansları barədə nə söyləmək olar?

- Şahmat Olimpiadası hər zaman ağır yarışlar siyahısındadır. İştirakçılar arasında Çin, Hindistan, Gürcüstan, Qazaxıstan, ABŞ kimi güclü komandalar var. Şübhəsiz ki, əldə edə biləcəyimiz ən yaxşı nəticə uğrunda mübarizə aparacayıq. Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi. Ümid edirik ki, bəxt bizim tərəfimizdə olar.

- Komanda səfərə nə vaxt yollanacaq?

- Sentyabrın 15-də Səmərqənd şəhərində olacayıq. Bir gün sonra isə olimpiadada ilk turun partiyaları keçiriləcək.

- Siz eyni zamanda digər şahmatçıların hazırlığında iştirak edirsiniz. Gənc şahmatçıların gələcəyi barədə nə düşünürsünüz?

- Gənc şahmatçılarla da çalışıram. İyundan etibarən Xaqan Əhmədlə işləyirik. Sevindirici haldır ki, Türkiyə Superliqasında kifayət qədər yaxşı oynadı və beynəlxalq qrossmeyster üçün tələb olunan ilk normanı yerinə yetirdi. Əlbəttə çoxdan gözlənilən uğurdu. Fikrimcə çoxdan bu normanı bitirməliydi. Qısa müddətdə titula sahib olacağına inanıram. Məşqçi kimi lazım olan köməkliyi göstəririk. Tək mən deyil, bütün məşqçilər gənc şahmatçılara dəstək olur. Amma bu sahədə şahmatçıdan çox amil asılıdı. Xaqan Əhmədin gələcəkdə böyük şahmatçı olacağına, milli komandada çıxış edəcəyinə ümid bəsləyirəm.

İdman.Biz