“Guba Open 2026” İkinci Beynəlxalq Şahmat Festivalına yekun vurulub - FOTO

11 Sentyabr 2026 13:24
55
“Guba Open 2026” İkinci Beynəlxalq Şahmat Festivalına yekun vurulub - FOTO

Beynəlxalq hakim Qüdrət İsmayılovun xatirəsinə həsr olunan “Guba Open 2026” İkinci Beynəlxalq Şahmat Festivalına yekun vurulub.

İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və “Ağ Top” Şahmat Klubunun təşkilatçılığı ilə baş tutan yarışın bağlanış mərasimində qalib və mükafatçılar təltif olunub.

A turnirində 9 partiyada 7 xal toplayan Misrətdin İskəndərov “Guba Open 2026” Beynəlxalq Şahmat Festivalının qalibi olub. Eyni xala malik Vüqar Manafov əlavə göstəricilərə görə ikinci yeri tutub. Mixail Mozharov (FIDE) 6,5 xalla ilk “üçlüy”ü qapayıb.

B turnirində 8 xal toplayan Əli Məmmədov birinci olub. Hərəyə 7 xal toplayan Emin Gəncəliyev və Anar Bağışov 2-3-cü yerləri bölüşüblər.

Festival çərçivəsində rapid və blits yarışları da baş tutub. Rüstəm Rüstəmov rapiddə, Xaqan Əhməd isə blitsdə qalib adını qazanıb.

Qeyd edək ki, turnirdə 11 ölkədən 300-dən çox şahmatçı mübarizə aparıb. Mükafat fondu 24 420 manat olan festivalda klassik, rapid, blits yarışları və norma turnirləri təşkil olunub.

“Azərbaycan Şahmat Turu” çərçivəsində keçiriləcək növbəti yarış “Ganja Open” olacaq. Nizami yurdunda festival oktyabrın 11-18-də baş tutacaq.

İdman.Biz