Məhəmməd Abdullayev: “Bunu birdən etsək, Olimpiadada effektini itirə bilər” - MÜSAHİBƏ

Müsahibə
18 Aprel 2024 10:45
217
Məhəmməd Abdullayev: “Bunu birdən etsək, Olimpiadada effektini itirə bilər” - MÜSAHİBƏ

Azərbaycan millisinin boksçusu Məhəmməd Abdullayevin (+92 kq) İdman.bizə müsahibəsi

- Bu gün Avropa çempionatı start götürür. Yarışa hazırlığı Sofiyada keçdiz. Toplanışı necə dəyərləndirərdiz?

- ⁠Məşqlərimiz çox yaxşı keçdi. Bu cür təlim-məşq toplanışların təcrübəmizin artması, fiziki baxımdan hazırlıqlı olmağımız üçün çox vacib və əsas amillərdən birdir. Əsas məqsədim də Paris-2024 Yay Olimpiya Oyunlarına tam hazır formada yollanmaqdır.

- ⁠Olimpiyaçı kimi həm də xüsusi hazırlıq keçirsiz. Bolqarıstanda əsas nəyə diqqət edirdiz?

- ⁠Avropa çempionatında iştirak edəcəyim üçün əsas texniki və taktiki hazırlıq keçmişəm. Sürətimdən düzgün istifadə etməliyəm. Amma çempionat bitəndən sonra güclü fiziki hazırlığa oturub, bazamı doldurmalıyam.

- ⁠Avropa çempionatında hədəf nə olacaq?

- ⁠Olimpiada öncəsi bu yarışda iştirak çox önəmlidir. Çünki belə çempionatlar insanı daha da möhkəmləndirir. İnanıram ki, bu yarışda da yaxşı nəticə göstərib, güclü mübarizə aparacam. Təbii ki, zədələrdən və müalicələrdən sonra bir az çətinlik çəkəcəm. Amma ən yaxşısı üçün əlimdən gələni edəcəm.

- ⁠Onda Avropa çempionatından sonra Paris-2024 üçün hazırlıqda dəyişikliklər də planlaşdırılır?

- Bəli, məhz bu yarışdan sonra hər şey sürətlənəcək. Tam formaya düşmək üçün yavaş-yavaş irəliləyirik. Çünki bunu birdən-birə etsək, Olimpiadada effektini itirə bilər. Bu səbəbdən daha diqqətli hazırlaşırıq. İnanıram ki, Parisə çox yaxşı və tam hazırlıqlı formada yollanacam.

- ⁠Artıq Oyunlardakı rəqiblərinin bir neçəsi bəllidir. Onlardan hansını fərqləndirərdiz?

- ⁠Bütün rəqiblər güclüdür. Olimpiadada zəif idmançı olmur. Ona görə də hər birinə hörmətlə yanaşıram. Hər birini yaxşı analiz edib, döyüşmək lazımdır.

- ⁠Hədəfi indidən demək tezdir, yoxsa mümkündür?

- ⁠Əlbəttə ki, bu yarışa yollanan hər kəsin arzusu qızıl medaldır. Mənim də ən böyük arzum Olimpiadada ən yüksək kürsüdə dayanmaqdır. Bu baxımdan da ümidlərim böyükdür.

Banuçiçək Hüseynli
İdman.biz