Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə Avropa çempionatı davam edir.
İdman.Biz xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan yığmasının üç nümayəndəsi rinqə çıxıb.
60 kq çəki dərəcəsində Məhəmməd Aşirəliyev 1/16 finalda litvalı Edqaras Kurdelisə inamla qalib gəlib. Bütün beş hakim üstünlüyü Azərbaycan boksçusuna verib — 5:0. Aşirəliyev 1/8 finala adlayıb.
Digər qələbəni Malik Həsənov (65 kq) qazanıb. O, 1/16 finalda Türkiyə təmsilçisi Bilgə Kaan Kanlı üzərində 5:0 hesabı ilə qələbə qazanaraq mübarizəni 1/8 finalda davam etdirəcək.
85 kq çəki dərəcəsində mübarizə aparan Seyid Seyidov isə 1/8 finalda ispaniyalı Adrian Fresnedeyə məğlub olaraq Avropa çempionatındakı çıxışını başa vurub.
Daha əvvəl Azərbaycanın təmsilçisi Nəbi İsgəndərov (70 kq) da 1/8 finala vəsiqə qazanıb.
Ümumilikdə Avropa çempionatında Azərbaycan yığmasını 11 boksçu təmsil edir.
