Boksçularımızın qatılacağı üç milyon dollarlıq turnir sabah başlayır

26 Noyabr 2026 18:52
48
Boksçularımızın qatılacağı üç milyon dollarlıq turnir sabah başlayır

Sabah, noyabrın 27-də Türkiyənin İstanbul şəhərində Beynəlxalq Boks Assosiasiyasının (IBA) təşkil etdiyi Prezident Kubokuna start veriləcək.

İdman.Biz xəbər verir ki, həvəskar və peşəkar boksçuların qatılacağı yarışın ümumi mükafat fondu üç milyon dollar (5,1 milyon manat) təşkil edir. Turnirdə kişilər 12 çəki dərəcəsində mübarizə aparacaqlar.

IBA yarışın təqdimatında Azərbaycan boksçularından Avropa çempionu Səidcəmşid Cəfərov və dünya çempionatının mükafatçısı Sərxan Əliyevi xüsusi vurğulayıb.

Qızıl medal üçün 100 min dollar (170 min manat), gümüş medal üçün 50 min dollar (85 min manat), hər bürünc medal üçün isə 25 min dollar (42 500 manat) ayrılıb. Qaydalara əsasən, mükafatın 50 faizi boksçuya, 25 faizi məşqçiyə, 25 faizi isə milli federasiyaya çatacaq.

Yarımfinala yüksələ bilməyən boksçular üçün də mükafat nəzərdə tutulub. Onların ilkin mərhələlərdə qazandıqları hər qələbəyə görə 1000 dollar (1700 manat) ayrılacaq. Yarımfinala çıxanların isə bu bonusları yekun nəticəyə görə verilən medal mükafatı ilə əvəzlənəcək.

Yarış məğlub olanın mübarizəni dayandırdığı sistemlə keçiriləcək. Döyüşlər hər biri üç dəqiqə davam edən üç raunddan ibarət olacaq. Püşkatmada boksçuların səpələnməsi tətbiq edilməyəcək (Yəni favorit boksçuların erkən mərhələdə qarşılaşmaması üçün xüsusi bölgü aparılmayacaq. İki güclü boksçu elə ilk mərhələdə bir-birinə rəqib düşə bilər - red).

Finaladək qarşılaşmalar “Bağcılar Göztepe” İdman Kompleksində, dekabrın 4-dəki final döyüşləri isə “Sinan Erdem” İdman Sarayında təşkil olunacaq.

İdman.Biz