Azərbaycanlı peşəkar boksçu Məhəmmədəli Nuruşov Özbəkistanın tanınmış döyüşçüsü, “İspançik” ləqəbli Bobirjon İsroilovla qarşılaşma öncəsi diqqətçəkən açıqlama verib.
İdman.Biz xəbər verir ki, Nuruşov sosial şəbəkə hesabında rəqibinə mesaj ünvanlayaraq döyüşdən imtinanın hələ gec olmadığını bildirib.
“Döyüşdən imtina etmək hələ gec deyil”, - deyə azərbaycanlı idmançı paylaşımında qeyd edib.
Nuruşov daha sonra rinqə təkcə qələbə üçün çıxmayacağını vurğulayıb. O, əsas məqsədlərindən birinin Azərbaycan bayrağını dalğalandırmaq olduğunu deyib:
“Elə bilirsiniz, bizim qardaşımızın qisası yoxdu? Mən ora ilk növbədə bayrağımızı dalğalandırmağa və dostum Emilin qisasını almağa gedirəm”.
Bobirjon İsroilovun isə bu döyüşə sadəcə növbəti qarşılaşma kimi yox, əvvəlki məğlubiyyətin cavabı kimi çıxacağı bildirilir.
“All Stars Entertainment”in məlumatına görə, 6 iyunda Daşkənddəki “Humo Arena”da böyük peşəkar və media boks gecəsi keçiriləcək. Gecənin ən diqqətçəkən qarşılaşmalarından biri məhz Nuruşovla “İspançik” arasındakı duel olacaq. Təşkilatçılar bu döyüşü “bağlanmamış hesabların rinqdə yekunlaşacağı” qarşıdurmalardan biri kimi təqdim edir.
