Boksda yenilik: “World Boxing” Olimpiadada nələri dəyişəcək? - İDMAN.BİZ-in İCMALI

15 May 2026 14:32
165
Boksda yenilik: “World Boxing” Olimpiadada nələri dəyişəcək? - İDMAN.BİZ-in İCMALI

Boks rəsmi olaraq Yay Olimpiya Oyunları-2028-in proqramında saxlanılıb. Lakin Los-Anceles bu idman növü üzrə olimpiya idarəetmə sisteminin tamamilə yenidən qurulacağı məkan olacaq.

Əsas dəyişiklik ondan ibarətdir ki, ilk dəfə olaraq həm təsnifat mərhələsini, həm də dördilliyin əsas turnirini Beynəlxalq Boks Assosiasiyası (IBA) deyil, yeni yaradılan “World Boxing” federasiyası təşkil edəcək. Artıq bütün seçim mexanizmi də bu qurumun ətrafında formalaşdırılır.

İdman.Biz-in məlumatına görə, IBA ilə Beynəlxalq Olimpiya Komitəsi (BOK) arasında illərdir davam edən münaqişədən sonra BOK əvvəlki qurumla əməkdaşlığı tamamilə dayandırıb. 2025-ci ilin yazında o, “World Boxing”i müvəqqəti akkreditə olunmuş beynəlxalq federasiya kimi tanıyıb, daha sonra isə boksu Olimpiya-2028 proqramına qaytarıb.

Bu isə bir sıra mühüm nəticələr deməkdir: olimpiya təsnifatı artıq IBA tərəfindən idarə olunmur. Oyunlara vəsiqə birbaşa milli federasiyaların “World Boxing”ə üzvlüyündən asılıdır. Seçim sistemi isə digər olimpiya idman növlərinə daha yaxın olan yeni model əsasında qurulacaq. Əslində, 2028-ci il Yay Olimpiya Oyunları “IBA-dan sonrakı ilk Olimpiada” hesab olunur.

Artıq məlumdur ki, təsnifat prosesi üç dünya seçmə turniri və beş kontinental çempionatdan ibarət olacaq. Bu, boksda son onilliklərin ən böyük seçim dəyişikliklərindən biridir. Əvvəllər sistem IBA turnirlərinə və mürəkkəb lisenziya mexanizminə əsaslanırdı. İndi isə əsas diqqət qlobal seçmə yarışlara, regional təmsilçiliyə və prosesin Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə “World Boxing” tərəfindən daha şəffaf şəkildə idarə olunmasına yönəlib.

Hazırda yarışlar üzrə lisenziyaların tam bölgüsü hələ dərc olunmayıb. Lakin artıq məlumdur ki, həm kişi, həm də qadın idmançılar vəsiqələr uğrunda tam bərabər şərtlərlə mübarizə aparacaqlar. Yeni sistem daha mərkəzləşdirilmiş olacaq. Əsas şərt isə ondan ibarətdir ki, yalnız federasiyası “World Boxing”ə üzv olan idmançılar seçim mərhələsi başlamazdan əvvəl Olimpiadaya vəsiqə qazana biləcəklər.

Qeyd edək ki, Azərbaycan da ötən ilin may ayında bu təşkilata üzv olub.

Eyni zamanda, Los-Anceles-2028-də boks tarixində ilk dəfə gender bərabərliyi tətbiq olunacaq. Oyunlarda kişi və qadınlar yeddi çəki kateqoriyasında mübarizə aparacaqlar. Hər iki tərəf üçün 124 kvota ayrılıb və ümumi iştirakçı sayı 248 boksçu olacaq. Müqayisə üçün, Paris-2024-də qadınlar üçün daha az çəki kateqoriyası nəzərdə tutulmuşdu.

Gələcək təsnifat mərhələsində aparıcı boks ölkələri üçün bir sıra dəyişikliklər gözlənilir. İlk növbədə, kontinental turnirlərin əhəmiyyəti daha da artacaq. Asiya, Avropa və Amerika ölkələri üçün regional çempionatlar həlledici rol oynayacaq. Eyni zamanda hər bir startın dəyəri yüksələcək, xüsusilə də üç dünya seçmə yarışını nəzərə aldıqda.

Yaxın aylarda “World Boxing” seçmə turnirlərin təqvimini, lisenziyaların bölgüsünü, reytinq və “seeding” sistemini, idmançıların iştirak qaydalarını və milli federasiyalara dair tələbləri açıqlayacaq. “Seeding” sistemi isə idmançıların turnir cədvəlində reytinqə görə yerləşdirilmə qaydasıdır. Yəni güclü və yüksək reytinqli idmançılar püşkatma zamanı erkən mərhələlərdə bir-biri ilə qarşılaşmaması üçün xüsusi şəkildə ayrı qruplara bölünür və turnir şəbəkəsində balanslı şəkildə yerləşdirilir.

Lakin artıq indidən belə bir nəticə çıxarmaq olar ki, olimpiya boksu yeni rəhbərlik, yeni seçim sistemi və dünya idmanının dəyişən xəritəsi ilə yeni bir dövrə qədəm qoyur. Los-Anceles-2028 isə bu sistemin uzunmüddətli sabitlik yaradıb-yaratmayacağının sınaq meydanı olacaq.

İdman.Biz