Boks üzrə Azərbaycanın 19 yaşadək idmançılardan ibarət millisi Gürcüstanın Kutaisi şəhərində keçirilən beynəlxalq turniri uğurla başa vurub.
İdman.Biz xəbər verir ki, komandamız yarışda 12 medal qazanıb. Millimizin heyətində Banuçiçək Nəsirli (48 kq), Aylin Nəzərova (54 kq), Rza Rzayev (70 kq) və Səftər Məmmədzadə (+90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olublar.
Finala qədər irəliləyən, lakin həlledici görüşdə uduzan Zəhra Məmmədova (54 kq), Əli Baxışov (60 kq) və Şahin Aslanov (65 kq) turniri gümüş medalla tamamlayıblar.
Digər təmsilçilərimizdən Əli Əliyev (50 kq), Vüsal Xəlilov (65 kq), Nicat İmanov (80 kq), Heydər Əzməmmədov (85 kq) və Məhəmməd Cəfərov (+90 kq) isə bürünc medal qazanıblar.
Beləliklə, Azərbaycan millisi beynəlxalq turnirdə dörd qızıl, üç gümüş və beş bürünc medala sahib olub. Komandamız 11 ölkə arasında ümumi hesabda ikinci yeri tutub.
