Ağır çəkidə WBA, WBC, IBF və IBO kəmərlərinin sahibi, 39 yaşlı məğlubedilməz ukraynalı boksçu Aleksandr Usik sabiq dünya çempionu Tayson Füri ilə mümkün üçüncü qarşılaşma barədə danışıb.
İdman.Biz xəbər verir ki, Usik “The Stomping Ground” podkastına açıqlamasında britaniyalı rəqibinə qarşı maraqlı və iddialı şərt irəli sürüb.
O, Füriyə müraciət edərək belə deyib:
“Tayson, “Xəsis qarın”, mənə 1 milyard dollar (1 milyard 700 milyon AZN) ver, səninlə trilogiya keçirim. Əgər Tayson qalib gəlsə, bu, yaxşıdır... 12-ci raund, Taysonun qələbəsi, təbriklər”.
Xatırladaq ki, Aleksandr Usik sonuncu döyüşünü ötən il iyulun 20-də Londonun “Uembli” stadionunda britaniyalı Daniel Dübuaya qarşı keçirib. Mütləq dünya çempionu adı uğrunda baş tutan revanş döyüşündə ukraynalı boksçu rəqibini beşinci raundda nokautla məğlub edib. Tayson Füri ilə mümkün trilogiya isə boks dünyasının ən çox gözlənilən hadisələrindən biri hesab olunur.
