Azərbaycanlı boksçu Rusiya yığmasına qarşı dünya komandasının heyətində çıxış edəcək

10 Aprel 2026 13:03
211
Azərbaycanlı boksçu Rusiya yığmasına qarşı dünya komandasının heyətində çıxış edəcək

Azərbaycanlı boksçu Məhəmməd Abdullayev Rusiya yığmasına qarşı keçiriləcək görüşdə dünya komandasının heyətində iştirak edəcək.

İdman.Biz xəbər verir ki, “Ağır çəkililərin döyüşü” adlı boks gecəsi mayın 1-də Kalininqrad şəhərində baş tutacaq.

Qarşılaşma peşəkar boks qaydaları ilə keçiriləcək və beş döyüşü əhatə edəcək. Azərbaycanlı boksçunun rəqibi Voronej əsilli Vladislav Vişev olacaq.

Hazırda peşəkar boksda Məhəmməd Abdullayev bir döyüş keçirib və ötən il Bakıda kolumbiyalı Kristian Salcedo üzərində qələbə qazanıb. Bundan əlavə, onun aktivində həvəskarlar arasında dünya çempionatının üç bürünc medalı var. Bir neçə gün əvvəl isə boksçu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibi olub.

Azərbaycanlı boksçunun rəqibi, rusiyalı Vladislav Vişevə gəlincə, Rusiya Boks Federasiyasının məlumatına görə, 30 yaşlı idmançının peşəkar karyerasında yeddi qələbə və üç məğlubiyyət var, o cümlədən iki döyüşü nokautla başa vurub. Son qarşılaşmasını 24 iyul 2024-cü ildə Moskvada keçirən Vişev İslam Txaşuqoyev üzərində hakimlərin yekdil qərarı ilə qələbə qazanıb.

Axşamın əsas döyüşündə isə həvəskarlar arasında 2025-ci ilin dünya çempionu və ikiqat Rusiya çempionu David Surov meksikalı Kevin Martinez ilə üz-üzə gələcək. Rəsmi anonsda qeyd olunur ki, Martinesin göstəricisi 14 qələbə və bir məğlubiyyətdən ibarətdir, o, keçirdiyi döyüşlərin onunda nokautla qələbə qazanıb və Meksikanın aparıcı ağırçəkili boksçularından biri hesab olunur.

İdman.Biz