Bakıda ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir. Yarışın dördüncü günündə kişi boksçular arasında 1/4, qadınlarda isə 1/2 final mərhələsi yekunlaşıb.
İdman.Biz xəbər verir ki, Azərbaycan millisinin 19 boksçusu kişilərin mübarizəsində yarımfinala yüksələrək özləri üçün azı üçüncü yeri təmin ediblər.
50 kq çəki dərəcəsində dünya çempionumuz Sübhan Mamedov avstraliyalı Şipsi Laçlanı 5:0 hesabı ilə məğlub edərək yarımfinala adlayıb. O, növbəti mərhələdə gürcüstanlı Qoqa Topuriya ilə qarşılaşacaq. Eyni çəkidə Bilalhəbaşi Nəzərov komanda yoldaşı Yusif Soltanov üzərində vaxtından əvvəl qələbə qazanaraq yarımfinalda Sahil Allahverdi (Gürcüstan) ilə rəqib olub.

60 kq çəkidə Məhəmmədəli Aşırəliyev Ümid Rüstəmovu (3:2), Məhəmmədəli Qasımzadə isə türkiyəli Tolqa Kayanı (5:0) üstələyib. Qasımzadə final yolunda komanda yoldaşı Tayfur Əliyevlə üz-üzə gələcək. 70 kq-da isə Sərxan Əliyevin rəqibi Oliver Vilson (Avstraliya) döyüşə çıxmadığı üçün təmsilçimiz birbaşa yarımfinala yüksəlib.

Qadınlardan ibarət yığmamızın heyətində Günel Rəhimova (51 kq) və Emili Rzayeva (65 kq) turniri bürünc medalla başa vurublar. Qadın boksçuların final döyüşləri sabah baş tutacaq.
Qeyd edək ki, Boks Mərkəzində 10 ölkənin iştirakı ilə keçirilən beynəlxalq turnir aprelin 7-də yekunlaşacaq.
