Ukrayna boksçusu Aleksandr Usik ağır çəkidə WBC kəməri uğrunda döyüşdə niderlandlı Riko Verhoveni məğlub edib.
İdman.Biz xəbər verir ki, Misirin Qiza şəhərində keçirilən qarşılaşma 11-ci raundda başa çatıb. Hakim Mark Layson raundun son saniyələrində döyüşü dayandırıb və Usikin texniki nokautla qələbəsini qeydə alıb.
39 yaşlı ukraynalı boksçu bununla peşəkar rinqdə 25 oyundan 25-ci qələbəsini qazanıb. Onun aktivində 16 nokaut var. Usik WBC, WBA və IBF kəmərlərinin sahibidir.
37 yaşlı Verhoven üçün bu, peşəkar boksda cəmi ikinci döyüş olub. Niderlandlı idmançı daha çox kikboksinq karyerası ilə tanınır. Döyüşün əvvəlində onun fəallığı Usik üçün ciddi çətinlik yaratsa da, son raundlarda ukraynalı boksçu üstünlüyü ələ alıb.
Qeyd edək ki, Usik Verhovenlə döyüşə qədər sonuncu dəfə 19 iyul 2025-ci ildə Londonda rinqə çıxıb. O, revanş qarşılaşmasında britaniyalı Daniel Dyubuanı beşinci raundda nokauta salıb.
