Böyük İpək Yolu: Azərbaycan millisi komanda hesabında birinci olub - YENİLƏNİB + FOTO

7 Aprel 2026 18:53
918
Böyük İpək Yolu: Azərbaycan millisi komanda hesabında birinci olub

Bakıda kişi və qadın boksçular arasında ənənəvi Böyük İpək Yolu beynəlxalq turnirinin qalibləri müəyyənləşib. 6 gün davam edən yarışda 10 ölkənin 126 idmançısı qüvvəsini sınayıb.

Boks Mərkəzində təşkil olunan turnir Azərbaycan millisi üçün uğurlu alınıb. Bu gün baş tutan final mərhələsinin ilk görüşündə Sübhan Mamedov (50 kq) komanda yoldaşı Bilalhəbaşi Nəzərovla döyüşüb. Döyüş dünya çempionunun 5:0 (29:28, 30:27, 29:28, 29:28, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb.

Ardınca da həlledici mərhələdə Azərbaycan duelləri olub. Amin Məmmədzadə (55 kq) Zəlimxan Süleymanova qalib gələrək qızıl medala yiyələnib. Tayfur Əliyev (60 kq) – Məhəmmədəli Aşırəliyev və Malik Həsənov (65 kq) – Zaur Qəhrəmanov qarşılaşmaları birincilərin aktivinə yazılıb.

90 kq-da Surət Qarayev Coşua Heskeni (Avstraliya) məğlub edib – 3:2 (30:27, 28:29, 28:29, 29:28, 29:28). Məhəmməd Abdullayev (+90 kq) də komanda yoldaşlarının uğurunu davam etdirib. O, Aleksandr Şauya (Avstraliya) 3:2 (29:28, 29:28, 27:30, 30:27, 27:30) hesabı ilə qalib gələrək çəkisinin ən güclüsü olub.

Digər boksçularımızdan Seyid Seyidov (80 kq) gümüş, Zidan Hünbətov (55 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Sərxan Əliyev (70 kq), Səidcəmşid Cəfərov, Rasim Çobanlı (hər ikisi 75 kq), Həsən Osmanlı (80 kq), Murad Allahverdiyev (85 kq), Səbuhi Əlizadə (+90 kq), Günel Rəhimova (51 kq) və Emili Rzayeva (65 kq) bürünc medal qazanıblar.

Millimiz 21 – 6 qızıl, 5 gümüş və 10 bürünc medalla komanda hesabında birinci yeri tutub və Böyük İpək Yolu kubokuna yiyələnib. İkinci yerdə Qazaxıstan (3-5-7) qərarlaşıb, “üçlüy”ü Türkiyə (3-0-3) qapayıb.

Turnirdə ən yaxşı boksçu Bakberqen Aliaskarov (Qazaxıstan) seçilib. Raşid Benaiça (Əlcəzair) ən yaxşı hakim adına layiq görülüb.

15:28

Bakıda ənənəvi Böyük İpək Yolu beynəlxalq turnirinin final görüşləri keçirilib.

İdman.Biz xəbər verir ki, yarışda Azərbaycan millisindən 11 boksçu adını finala yazdırmışdı.

Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (65 kq), Sürət Qarayev (90 kq) və Məhəmməd Abdullayev (+90 kq) qızıl, Bialhəbaşi Nəzərov (50 kq), Zəlimxan Süleymanov (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Zaur Qəhrəmanov (65 kq) və Seyid Seyidov (80 kq) gümüş medal qazanıblar.

Qeyd edək ki, Boks Mərkəzində keçirilən qarşılaşmada 10 ölkənin “əlcək ustaları” iştirak ediblər.

Foto: İslam Atakişiyev

İdman.Biz