Azər Bağırov: ""Qarabağ"a qarşı oynamaq həmişə çətindir"

17 Avqust 2026 22:08
100
Azər Bağırov: ""Qarabağ"a qarşı oynamaq həmişə çətindir"

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının ilk turunda "Qarabağ"a qarşı keçirdikləri oyun barədə fikirlərini bölüşüb.

İdman.Biz verir ki, mütəxəssis mətbuat konfransında komandasının 1:3 hesablı məğlubiyyətini şərh edib.

""Qarabağ"a qarşı oynamaq həmişə çətindir. İlk turda bu rəqiblə üz-üzə gəlmək bəlkə də futbolçularda bir az həyəcan yaratdı. Düşünürəm ki, yaxşı oyun oldu. Bu matçdan nəticə çıxarmalıyıq. Səhvlərimiz var. Daha yaxşı oynamalıyıq. Oyunçular tapşırıqları maksimum yerinə yetirməlidirlər. Cüzi səhvlər bağışlanılmır. Daha yaxşı oyun sərgiləməyə çalışacağıq", - deyə Bağırov bildirib.

"Şamaxı"nın baş məşqçisi komandanın heyətini də dəyərləndirib və klubun yerli futbolçuların inkişafına önəm verdiyini vurğulayıb.

""Şamaxı"nın heyəti yaxşıdır. Gənc və yaxşı yerli futbolçularla çalışırıq. Biz ölkə futboluna yerli oyunçular bəxş etmək niyyətindəyik. İşimiz çətindir. Ümid edirəm ki, qarşıdakı dönəmlərdə klubun sponsoru da olacaq", - deyə mütəxəssis əlavə edib.

Qeyd edək ki, "Şamaxı" Misli Premyer Liqasının 2026/27 mövsümünün ilk turunun son oyununda "Qarabağ"a 1:3 hesabı ilə məğlub olub.

İdman.Biz