“Əslində, həm oxşar, həm də fərqli cəhətləri var. Hər iki liqada çempionluq uğrunda mübarizə aparan 5-6 komanda var və bu faktor rəqabəti daha da çətinləşdirir”.
Bu sözləri Kosovonun “Malişeva” klubunun və Azərbaycan milli komandasının üzvü Vüsal İsgəndərli səfərdə “Llapi” üzərində qazandıqları qələbədən sonra deyib.
30 yaşlı hücumçu Albaniya və Kosovo çempionatlarının fərqli və oxşar cəhətlərini müqayisə edib.
“Həm Albaniyada, həm də Kosovoda sərt, aqressiv oyuna üstünlük verilir. Kosovo çempionatının əsas fərqi isə komandaların taktiki baxımdan üstün olmalarıdır”, - deyə o offsideplus.az.az-a açıqlamasında vurğulayıb.
V.İsgəndərli yeni komandasına uyğunlaşma prosesi və yaradılan şərait barədə də fikirlərini bölüşüb:
“Malişeva”da özümü çox rahat hiss edirəm. Məşqçi korpusu, rəhbərlik, futbolçular - hər kəs ilk gəldiyim gündən mənə böyük dəstək olub. Bu, həm məni çox sevindirdi, həm də uyğunlaşma prosesini sürətləndirdi”.
Qeyd edək ki, Kosovoda çempionluğa əsas iddialılardan olan “Malişeva” son turda səfərdə “Llapi”yə qalib gəlib. Görüşdə hesabı açan Vüsal İsgəndərli iki həftə əvvəl keçirilən matçda da het-trikə imza atmışdı.
