AFFA-nın təşkilatçılığı və FIFA-nın “Məktəblərdə Futbol” (Football for Schools) proqramının dəstəyi ilə Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçirilib.
İdman.Biz xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan tədbir məktəblərdə futbolun inkişafına, müəllimlərin peşəkar biliklərinin artırılmasına və bu idman növünün tədris prosesində daha geniş tətbiqinə həsr olunub.
Seminarın açılışında AFFA İcraiyyə Komitəsinin üzvü Leyla Xəlilova Rzazadə, baş katibin müavini Elçin Məmmədov, qurumun Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəisi Kifayət Mustafayeva və FIFA-nın “Məktəblərdə Futbol” proqramının rəhbəri Frank Kastilyo iştirak ediblər.
Çıxış edən rəsmilər uşaqların futbola marağının artırılmasında fiziki tərbiyə müəllimlərinin rolundan danışıblar. Məktəblərdə futbolun kütləviləşdirilməsi və şagirdlərin idmana cəlb olunması üçün belə tədbirlərin əhəmiyyəti vurğulanıb.
Seminarın nəzəri hissəsində FIFA nümayəndələri Antonio Sançez və Melvin Mendi, həmçinin AFFA-nın məşqçi kurslarının təlimatçısı Osman Rəhimov müəllimləri proqramın məqsədləri və tətbiq qaydaları ilə tanış ediblər.
İştirakçılara “Football for Schools” mobil tətbiqi də təqdim olunub. Azərbaycan dilinə tərcümə edilmiş tətbiqin köməyi ilə futbol məşğələlərinin planlaşdırılması, müxtəlif tapşırıqların seçilməsi və dərslərin təşkili imkanları izah edilib.
Tədbirdə məktəblərdə futbolun tədrisi, uşaqların fiziki fəallığının artırılması və məşğələlərin daha maraqlı keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
Günün ikinci yarısında müəllimlər meydançada praktiki məşğələlərə qatılıblar. Onlar nəzəri hissədə öyrəndiklərini tətbiq edərək müxtəlif futbol tapşırıqlarının təşkili ilə tanış olublar.
Seminarın gedişi regionlarda çalışan fiziki tərbiyə müəllimləri üçün də canlı yayımlanıb.
Qeyd edək ki, tədbir FIFA, AFFA və Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində həyata keçirilən “Football for Schools” təşəbbüsünün bir hissəsidir. Proqramın növbəti tədbiri oktyabrın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq “Boots for All” festivalıdır.
