“Qəbələ” futbol klubu 2026/2027 mövsümündə istifadə edəcəyi üçüncü formasını təqdim edib.
İdman.Biz xəbər verir ki, “Joma” ilə əməkdaşlıq çərçivəsində klub üçün hazırlanan formanın fotoları ictimaiyyətlə paylaşılıb.
Yeni forma qırmızı-qara rənglərin və milli irsimizin simvollarından olan buta motivinin vəhdətini əks etdirən dizaynı ilə seçilir.
Klub yeni formanı “Zəfər turu” çərçivəsində azarkeşlərinə təqdim etdiyini açıqlayıb.
“Hər formanın bir hekayəsi var. Amma bu hekayə başqadır... Milli irsimizin, zəngin tariximizin simvolu olan buta naxışlı yeni formamızı məhz “Zəfər turu” çərçivəsində azarkeşlərimizə təqdim edirik!”, - deyə klubun paylaşımında qeyd olunub.
“Qəbələ” noyabrın 7-də “Zirə” ilə keçiriləcək matçdan başlayaraq mövsümün sonunadək bu xüsusi formada meydana çıxacaq.
