Emin Əmrullayev: "Hazırda keçid dövründəyik"

Xəbərlər
28 İyul 2025 09:02
55
Emin Əmrullayev: "Hazırda keçid dövründəyik"

"Bu seriyada qalib gələcəyimizə ümidli idik".

İdman.biz Teleqraf-a istinadən xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Sumqayıt mərhələsindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, yarışın hər il keçirildiyini bildirib: "Düzdür, bu yarış olimpiya seçmə mərhələsi xarakteri daşımırdı, amma daha əvvəl də qeyd etdiyim kimi, komanda hər zaman qalib gəlmək məqsədilə meydana çıxır. Əsas hədəfimiz isə Sumqayıtda basketbolu tanıtmaq idi. Bu baxımdan deyə bilərəm ki, bu gün Sumqayıt sakinləri üçün əsl bayram ab-havası yaşandı. Bunu turnirin keçirildiyini məkana yerli sakinlərin axını sübut edir".

Elm və təhsil naziri Sumqayıt mərhələsinin qalibi olan Azərbaycan millisinin böyük potensiala malik olduğunu vurğulayıb: "Əlbəttə, 3x3 basketbol olduqca çətin və dinamik bir idman növüdür. Amma inanıram ki, bu komanda ilə qarşıda daha böyük uğurlar əldə etmək mümkündür.”

O, "Neftçi" və "Abşeron"un avrokuboklarda iştirak etməsi üçün Beynəlxalq Basketbol Federasiyasına müraciət etdiklərini söyləyib: "Bizim təşəbbüsü dəstəklədilər. Klublarımızın belə yarışlarda iştirak etməsi üçün maliyyə dayanıqlığı önəmlidir. Tam əminəm ki, klublarımızın avrokuboklarda iştirak etməsi Azərbaycan Basketbol Liqasını daha da maraqlı edəcək".

Əmrullayev növbəti mövsüm Azərbaycan Basketbol Liqasında dəyişikliyin olmayacağını bildirib: "Təqribən ötən ildəki kimi 6+6 sistemi olacaq. İnanırıq ki, bu modellə axırıncı ilimizdir. Hazırda keçid dövründəyik. Gələn uşaqları gözləyirik deyə müvəqqəti qərarlar verməyə məcburuq. Növbəti illərdə regional komandaların sayının artırılmasını əsas məqsəd kimi qarşımıza qoymuşuq".

Federasiya prezidenti bir çox futbol klublarının nəzdində basketbol komandasının olmaması barədə danışıb: "Futbol, voleybol və basketbol komandaları başqa-başqa klublarda olmalıdır. Federasiyalar isə sadəcə olaraq müəyyən dərəcədə kömək etməlidir. "Sabah", "Neftçi" və "Ordu" bizimlədir. Onların basketbol komandaları da var. Mənim gördüyüm odur ki, bizə zaman lazımdır. Futbol klublarının özləri də inkişaf etməlidir ki, digər idman növlərinə fokuslana bilsinlər".

O, Azərbaycan Basketbol Federasiyasının planları barədə söz açıb: "Burada tez bir şeyi gözləməyin mənası yoxdur. Planımız 2030-cu ilə qədər Azərbaycanın U-16 və U-18 yığmalarının B divizionun aparıcı komandalarından olması və A divizionuna yüksəlməsidir. Əsasən uşaq basketboluna baxmaq lazımdır. Bizim 18 yaşlı qızlarımızın B diviziondakı çıxışı yaxşı oldu. Gözləntilərimiz 2012-2014-cü il doğumlu basketbolçulardandır".

İdman.biz