“Matçın əvvəlində kapitanımız zədələndi və bu, bizim üçün böyük itki idi. Rəqibimiz isə ötən həftə “Cenevrə”yə qarşı oyunda məğlub olmuşdu və bizə qarşı aqressiv oynayacağı bəlli idi”.
İdman.Biz xəbər verir ki, bu sözləri “LANDAU Lions” basketbol klubunun baş məşqçisi Erhan Toker komandasının “Benfika”ya məğlubiyyətindən (76:97) sonra matçı şərh edərkən deyib.
Türkiyəli mütəxəssis görüşün gedişini dəyərləndirib, heyətdəki ciddi zədə problemlərinə və oyunçuların fədakarlığına diqqət çəkib:
“Cey Ceyin zədəsi ilə yanaşı, Orelik Gediminasın da üçüncü ardıcıl oyunda zədəli olmasına baxmayaraq meydana çıxdığını qeyd etmək istərdim. O, ötən oyunda olduğu kimi, bu görüşdə də fədakarlıq nümayiş etdirdi. Lakin kifayət qədər məşq edə bilmədiyi üçün performansında müəyyən eniş hiss olunur. Buna baxmayaraq, hazırkı vəziyyəti ilə belə komanda üçün mübarizə aparır.
Bütün bunları bir kənara qoysaq, faullardan lazımi şəkildə yararlana bilmədik. Oyuna da istədiyimiz kimi başlaya bilmədik. Zaman-zaman toparlanmağa çalışdıq. Yekunda, qeyd etdiyim bütün çətinliklərə baxmayaraq, qrupun ən güclü komandasına məğlub olduq. Oyunçularıma göstərdikləri mübarizəyə və fədakarlığa görə təşəkkür edirəm”.
