“Neftçi”nin baş məşqçisi: “Heç kim bizi asanlıqla məğlub edə bilməz”

5 Noyabr 2026 01:29
53
“Neftçi”nin baş məşqçisi: “Heç kim bizi asanlıqla məğlub edə bilməz”

“Neftçi” basketbol klubunun baş məşqçisi Konstantinos Vasiliadis FIBA Avropa Kubokunda “Lokomotiv”ə 72:76 hesabı ilə uduzduqları qarşılaşmanı şərh edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis məğlubiyyətə baxmayaraq, komandasının meydanda göstərdiyi əzmkarlığı yüksək qiymətləndirib.

“Bir tərəfdən komandamın və oyunçularımın çıxışından çox razıyam. Bir daha gördük ki, güclü xarakterimiz var və heç bir rəqib bizi asanlıqla məğlub edə bilməz.

Zədələrə, yaranan problemlərə və yorğunluğa baxmayaraq, basketbolçularımız 40 dəqiqə ərzində mübarizədən əl çəkmədilər. Təəssüf ki, xırda detallar məğlubiyyətimizə səbəb oldu”, - deyə Vasiliadis bildirib.

Baş məşqçi komandasının beynəlxalq arenada uğur qazana biləcəyinə inandığını da qeyd edib.

“Əminəm ki, belə əzmkarlıqla oynamağa davam etsək, Avropa turnirlərində də qələbələr qazana, eyni zamanda ölkə çempionatındakı uğurlu çıxışımızı davam etdirə bilərik.

Şənbə günü növbəti oyunumuz var. Sabah geri qayıtmalı, basketbolçuların fiziki bərpasına diqqət yetirməli və qarşıdakı görüşə hazırlaşmalıyıq”, - deyə “Neftçi”nin çalışdırıcısı əlavə edib.

İdman.Biz