Azərbaycanın basketbol klubları bu həftə FIBA Avropa Kubokunun qrup mərhələsində ilk dövrənin son oyunlarını keçirəcəklər. Bu qarşılaşmalardan sonra komandalar qrupdakı bütün rəqibləri ilə yenidən üz-üzə gələcəklər.
İdman.Biz xəbər verir ki, bugünkü oyunlara Azərbaycan təmsilçiləri uğurlu həftənin ardından çıxacaqlar. “Gəncə” və “LANDAU Lions” cari avrokubok mövsümündə ilk qələbələrini qazanıblar. Hələlik yalnız “Neftçi”nin hesabında qələbə yoxdur. Halbuki komanda ölkə çempionatında beş turdan sonra məğlub olmayan yeganə kollektivdir.
“Lokomotiv” (Bolqarıstan) - “Neftçi”, H qrupu, saat 21:00
“Neftçi” FIBA Avropa Kubokunda ilk qələbəsini qazanmaq ümidi ilə Bolqarıstanın Plovdiv şəhərinə yollanıb. Komanda turnirə Yunanıstanın “Mikonos” klubuna 58:78, Latviyanın VEF “Riqa” kollektivinə 94:110, İsveçrənin “Fribourq Olimpik” komandasına 73:78 və Rumıniyanın “Oradya” klubuna 83:99 hesablı məğlubiyyətlə başlayıb.
H qrupunda bütün beş oyununu qazanan və 10 xal toplayan “Mikonos” liderdir. Üç qələbə və iki məğlubiyyəti olan “Oradya” 8 xalla ikinci pillədə qərarlaşıb. Daha sonra dörd oyunda iki qələbə qazanan VEF “Riqa” və Plovdiv “Lokomotiv”i gəlir. Hər iki komandanın aktivində 6 xal var. Dörd oyunda bir qələbə qazanan “Fribourq Olimpik” 5 xalla beşinci, bütün dörd qarşılaşmada uduzan “Neftçi” isə 4 xalla sonuncu yerdədir.
Bolqarıstanın “Lokomotiv” klubu 2022-ci ildə yaradılsa da, artıq ölkə səviyyəsində ciddi uğurlar qazanıb. Komanda 2024/25 mövsümündə Bolqarıstan Basketbol Liqasının üç tituluna sahib çıxıb: ölkə kubokunu, Cənub Regional Qrupunun qalibi adını və liqanın mütləq çempionu titulunu qazanıb.
2025/26 mövsümündə Plovdiv təmsilçisi ilk dəfə Bolqarıstanın yüksək liqasında çıxış edib və debüt mövsümündə finala yüksəlib. Yarımfinal seriyasında “Rilski Sportist”lə qarşılaşan komanda əvvəlcə ardıcıl iki məğlubiyyət alsa da, sonrakı üç oyunda qalib gələrək finala vəsiqə qazanıb. Lakin həlledici görüşdə “Balkan”a 80:81 hesabı ilə uduzaraq çempionluğu əldən verib. Beləliklə, final seriyası 1:4 hesabı ilə başa çatıb.
Cari mövsüm “Lokomotiv” üçün avrokuboklarda debüt ili olub. FIBA Avropa Kubokunun qrup mərhələsində bolqarlar əvvəlcə səfərdə VEF “Riqa”ya 83:106 hesabı ilə uduzub, daha sonra doğma meydanda “Oradya”nı 79:69 hesabı ilə məğlub ediblər. Ardınca səfərdə “Mikonos”a 84:86 hesabı ilə yenilən komanda “Fribourq Olimpik” üzərində 95:83 hesablı qələbə qazanıb.
Diqqətçəkən məqam odur ki, “Lokomotiv” hər iki qələbəsini doğma meydanda, hər iki məğlubiyyətini isə səfərdə alıb. Buna görə də öz meydanı bolqarlar üçün “Neftçi” ilə görüşdə əlavə üstünlük ola bilər.
“Lokomotiv” ölkə çempionatına da inamlı başlayıb. Dörd turdan sonra komandanın aktivində üç qələbə və bir məğlubiyyət var.
Beləliklə, “Neftçi” cəmi bir neçə il ərzində aşağı liqalarda çıxış etməkdən Bolqarıstan çempionatının finalına yüksəlməyə və avrokuboklarda debüt etməyə qədər yol keçmiş rəqiblə qarşılaşacaq. Azərbaycan komandası isə bu oyuna ölkə çempionatında “LANDAU Lions” üzərində qazandığı 86:84 hesablı qələbədən sonra çıxacaq.
Azarkeşlərin nikbinliyi üçün daha bir səbəb var. Bir gün əvvəl Plovdivdə Azərbaycanın voleybol klubu “Turan” yerli komanda üzərində inamlı qələbə qazanıb. İndi “Neftçi” də bu şəhərdə Azərbaycan klublarının uğurlu çıxışını davam etdirməyə çalışacaq.
“Universitatya Kraiova” (Rumıniya) – “Gəncə”, C qrupu, saat 21:00
“Gəncə” FIBA Avropa Kubokunda növbəti oyununa Portuqaliyanın “Sportinq” klubu üzərində qazandığı sensasiyalı 69:67 hesablı qələbədən sonra çıxacaq. Bu nəticə komandaya turnirdəki uğursuz başlanğıc, texniki məğlubiyyət və baş məşqçi dəyişikliyi fonunda yaranan mənfi seriyanı dayandırmağa imkan verib.
Bundan əvvəl Azərbaycan klubu Türkiyənin “Esenler Erokspor” komandasına 63:92, Yunanıstanın “Kolossos” kollektivinə isə 62:80 hesabı ilə uduzub. Oktyabrın 21-də Bolqarıstanın “Rilski Sportist” klubu ilə keçirilməsi planlaşdırılan oyun komandanın səfərlə bağlı problemləri səbəbindən baş tutmayıb. Daha sonra FİBA “Gəncə”yə 0:20 hesablı texniki məğlubiyyət verib.
C qrupunda bütün dörd oyununu qazanan “Esenler Erokspor” 8 xalla liderdir. Beş oyunda üç qələbə qazanan “Kolossos”un da 8 xalı var. Dörd qarşılaşmada üç qələbə əldə edən “Sportinq” 7 xalla üçüncü yerdədir. Daha sonra beş oyunda bir qələbə qazanan “Rilski Sportist” (6 xal) və eyni sayda qələbəsi olan “Universitatya Kraiova” (5 xal) gəlir. “Gəncə” isə bir qələbə və üç məğlubiyyətlə 4 xal toplayaraq qrupu sonuncu pillədə tamamlayır.
Gəncə təmsilçisinin növbəti rəqibi Avropada uğursuz başlasa da, hücum potensialını artıq nümayiş etdirmiş Rumıniyanın “Universitatya Kraiova” komandasıdır.
Ötən mövsüm bu kollektiv Rumıniya çempionatının bürünc medallarını qazanıb. Üçüncü yer uğrunda Buxarest “Dinamo”su ilə qarşılaşan rumınlar ilk oyunda 94:102 hesabı ilə uduzublar. Lakin doğma meydanda rəqibini 101:62 hesabı ilə darmadağın edərək seriyada tarazlığı bərpa ediblər. Həlledici səfər qarşılaşmasında isə əlavə vaxtda 105:101 hesabı ilə qalib gəliblər.
“Universitatya”nın avrokuboklardakı ən uğurlu mövsümü 2022/23-cü illərə təsadüf edir. Həmin vaxt komanda FIBA Avropa Kubokunun ilk qrup mərhələsində keçirdiyi altı oyunun beşində qələbə qazanıb. Lakin növbəti mərhələdə bütün altı qarşılaşmada məğlub olub. Rumıniya klubu 2025/26 mövsümündə avrokuboklarda iştirak etməyib.
Cari mövsüm də komanda üçün uğurlu başlamayıb. İlk üç turda Yunanıstanın “Kolossos” klubuna 65:77, Portuqaliyanın “Sportinq” kollektivinə 77:97, Türkiyənin “Esenler Erokspor” komandasına isə 96:118 hesabı ilə uduzub. Məğlubiyyətlər seriyasını “Rilski Sportist”lə görüşdə dayandıran rumınlar həmin matçda 103:86 hesabı ilə qalib gəliblər.
“Universitatya” ölkə çempionatında isə daha yaxşı təsir bağışlayır. Dörd oyundan sonra komandanın aktivində üç qələbə və bir məğlubiyyət var.
Rəqibin gücünə və təcrübəsinə baxmayaraq, “Gəncə” də rəqabətli mübarizə aparmağa ümid edə bilər. Azərbaycan klubu artıq rumınların 20 xal fərqi ilə uduzduğu “Sportinq”i məğlub edib. İndi komanda həmin qələbənin təsadüfi olmadığını və turnirdə daha sabit çıxış edə biləcəyini sübut etməlidir.
“Benfika” (Portuqaliya) – “LANDAU Lions”, G qrupu, saat 23:00
“LANDAU Lions” da FIBA Avropa Kubokunun cari mövsümündə ilk qələbəsini qazandıqdan sonra növbəti oyununa çıxacaq. Əvvəlki turda Azərbaycan komandası Türkiyənin “Dənizli Basket” kollektivini 94:86 hesabı ilə məğlub edib. Bundan əvvəl “şirlər” Danimarkanın “Bakken Birs” komandası ilə görüşdə qələbəyə yaxın olsalar da, 88:91 hesabı ilə uduzublar. Mövsümün əvvəlində isə İsveçrənin “Lions de Jenev” kollektivinə 83:105, Slovakiyanın “Prievidza” komandasına 84:108 hesabı ilə məğlub olublar.
G qrupunda beş oyunda dörd qələbə qazanan və 9 xal toplayan “Bakken Birs” liderdir. Dörd oyunda üç qələbəsi olan “Benfika” 7 xalla ikinci yerdədir. Beş qarşılaşmada iki qələbə qazanan “Dənizli Basket”in də 7 xalı var. Daha sonra dörd oyunda iki qələbə əldə edən “Lions de Jenev” (6 xal), dörd oyunda bir dəfə qalib gələn “Prievidza” (5 xal) və eyni nəticə ilə 5 xal toplayan “LANDAU Lions” gəlir.
Bu gün “şirlər” Portuqaliyanın ən titullu basketbol klublarından biri olan Lissabon “Benfika”sı ilə qarşılaşacaqlar. Komandanın aktivində 31 ölkə çempionluğu, 23 ölkə kuboku və 16 Superkubok var.
2022-2025-ci illərdə ardıcıl dörd dəfə Portuqaliya çempionu olan Lissabon təmsilçisinin seriyası 2025/26 mövsümündə başa çatıb. Pley-offun finalında prinsipial rəqibi “Portu”ya 1:3 hesabı ilə uduzan “Benfika” çempionluğu əldən verib. Həlledici qarşılaşma 71:75 hesabı ilə başa çatıb və “Portu” 10 ildən sonra ilk dəfə ölkə çempionu olub.
Portuqaliya klubunun avrokuboklarda da təcrübəsi var. 2022/23 mövsümündə “Benfika” FİBA Çempionlar Liqasının pley-in mərhələsinə qədər irəliləyib. Lakin burada Türkiyənin “Darüşşafaka” komandasına seriyada 0:2 hesabı ilə uduzub. 2025/26 mövsümündə də turnirdə iştirak edən Lissabon təmsilçisi qrup mərhələsini altı oyunda cəmi bir qələbə qazanaraq sonuncu, dördüncü pillədə başa vurub.
Cari mövsümdə komanda yenidən Çempionlar Liqasına vəsiqə qazanmağa çalışıb. Təsnifat mərhələsində İsveçrənin “Lions de Jenev” klubunu 87:78 hesabı ilə məğlub edən portuqaliyalılar daha sonra Almaniyanın “Rasta Fehta” kollektivinə 88:98 hesabı ilə uduzublar. Bununla da çıxışlarını FIBA Avropa Kubokunda davam etdirməli olublar.
Qrup mərhələsində “Benfika” ilk üç oyununda qələbə qazanıb. Komanda Danimarkanın “Bakken Birs” klubunu 91:81, Türkiyənin “Dənizli Basket” kollektivini 96:91, Slovakiyanın “Prievidza” komandasını isə 98:83 hesabı ilə məğlub edib. Lakin dördüncü turda səfərdə “Lions de Jenev”ə 90:93 hesabı ilə uduzaraq ilk məğlubiyyətini alıb.
Lissabon təmsilçisi ölkə çempionatında da inamlı çıxış edir. Beş turdan sonra dörd qələbə və bir məğlubiyyəti olan komanda turnir cədvəlinə başçılıq edir.
“LANDAU Lions”u ciddi sınaq gözləyir. Rəqib zəngin tarixə malikdir, ölkə çempionatında inamlı çıxış edir və FIBA Avropa Kubokunda keçirdiyi dörd oyunun üçündə qalib gəlib. Bununla belə, “Lions de Jenev”ə məğlubiyyət “Benfika”nın da yenilməz olmadığını göstərib.
Beləliklə, Azərbaycan klubları qrup mərhələsinin ilk dövrəsini avrokuboklardakı ilk qələbələrinin fonunda başa vururlar. “Neftçi” məğlubiyyətlər seriyasını dayandırmağa, “Gəncə” “Sportinq” üzərində sensasiyalı qələbədən sonra uğurunu davam etdirməyə, “LANDAU Lions” isə qrupun favoritlərindən biri ilə qarşılaşmada gücünü sınamağa çalışacaq.
Bu oyunların nəticələri ikinci dövrə ərəfəsində komandaların vəziyyətini qiymətləndirmək baxımından mühüm göstərici olacaq. Növbəti mərhələdə klublar eyni rəqiblərlə yenidən qarşılaşacaq və qrupdan çıxmaq uğrunda mübarizəni davam etdirəcəklər.
