“Pis əhval-ruhiyyədən qurtulmaq vacib idi. Bunu bacardıq”.
İdman.biz xəbər verir ki, bunu qadın basketbolçulardan ibarət Belçika milli komandasının baş məşqçisi Raşid Mezian AVRO-2025-in seçmə mərhələsində Azərbaycan üzərində qələbəni dəyərləndirərkən deyib.
Təcrübəli mütəxəssis bildirib ki, Bakıya gələrkən 3 hədəfləri olub: “Qələbə qazanmaq, oyunda böyük fərq yaratmaq və hamını bu qələbədə pay sahibi etmək istəyirdik. Böyük hesabla qalib gəlməyimiz ilk görüşdə Polşaya məğlub olduğumuz üçün önəmli idi. Azərbaycanla matçda bütün hədəfləri yerinə yetirdiyimizi düşünürəm”.
Raşidin sözlərinə görə, qrupda onların əsas rəqibi Polşa olacaq: “Litva Azərbaycanı 37, biz isə 108 xal fərqi ilə məğlub etdik. Bunun qrupdakı vəziyyətimizə necə təsir edəcəyini deyə bilmərəm. Əsas rəqibimiz isə Polşadır. Onlar bizə qarşı çox yaxşı mübarizə apardılar”.
Qeyd edək ki, C qrupunda Litva 4 xalla liderdir. Belçika və Polşanın 3 xalı var. Azərbaycan isə 2 xalla sonuncudur. Komandamız hesabat turunda Avropa çempionlarına 28:136 hesabı ilə məğlub olub.
Emin Ağa
İdman.biz