“Baxçaşəhər Kolleci” qrupun favoritidir. Onlar FİBA Avropa kubokunu qazanan bir komandadırlar”.
Bunu İdman.biz saytına “Gəncə” basketbol klubunun baş məşqçisi Bədri Məriç deyib.
O, FİBA Avropa kubokunda “Sabah”ın “”Baxçaşəhər Kolleci” ilə oyununu dəyərləndirib. Türkiyəli mütəxəssis son görüşlərdə rəqibinin uğursuz çıxışının səbəbini açıqlayıb və Azərbaycan çempionunun şanslarından danışıb: “Sabah”ın son 3 matçını izləmişəm. Oktyabrın 29-da onlar Azərbaycan Basketbol Liqasında rəqibimiz olacaqlar. “Sabah” çox keyfiyyətli bir komandadır. Büdcəsi Azərbaycan çempionatından çox yüksəkdir. Amma “Baxçaşəhər Kolleci”ndə də həddən artıq çox keyfiyyətli, bu liqada adlarından söz etdirən oyunçular var. Bu matçda Türkiyə klubunu qələbə qazanacağına daha çox inanıram. Son 2 oyunda uduzan “Baxçaşəhər Kolleci”nin bu görüşə fərqli köklənəcəyini düşünürəm. Bu, iki qardaş komandanın mübarizəsidir. Kim qazanarsa, buna sevinəcəyik. Amma təkrar edirəm, kağız üzərində “Baxçaşəhər Kolleci” favorit görünür”.
“Baxçaşəhər Kolleci”ni çox yaxşı tanıdığını bildirən təcrübəli mütəxəssis Türkiyə təmsilçisinin qrupu uğurla başa vuracağına da inam ifadə edib: “Hazırda “Baxçaşəhər Kolleci” bəzi basketbolçular zədəli olduğu üçün oyun ritmini itiriblər. Onların “Nimburk”a qarşı oyunları mənim üçün sürpriz oldu. Amma çexiyalılar çox işgüzar və sərt mübarizə apardılar. “Baxçaşəhər Kolleci”nə çox xal qazanmağa imkan vermədilər. Türkiyə komandasının zədəliləri heyətə döndükdən sonra yenidən öz oyunlarını göstərəcəyini, qrupu lider bitirəcəyini düşünürəm”.
Qeyd edək ki, “Sabah” “Baxçaşəhər Kolleci” matçı bu gün saat 19:00-da başlayacaq. Matç Sərhədçi Olimpiya İdman Kompleksində keçiriləcək.
Emin Ağa
İdman.biz